Azərbaycanda uzun müddətdir müzakirə olunan məktəblərdə şagirdlər tərəfindən smartfonların istifadəsi ilə bağlı yeni qərar verildi.
Yurd.Media xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydalar təsdiqlənib.
Belə ki, qaydalara görə, müəssisəyə təhsilalanlar tərəfindən gətirilən mobil və elektron cihazlar dərs (məşğələ) müddətinin sonunadək müəssisə rəhbərliyi tərəfindən müəyyən edilmiş saxlama yerlərində (mobil qutular, şkaflar və s.) söndürülmüş vəziyyətdə və ya səssiz rejimdə saxlanılmalıdır.
Təhsilalanlar dərs (məşğələ) zamanı mobil və elektron cihazlardan yalnız təhsilverənin icazəsi ilə və onun nəzarəti altında tədris məqsədləri üçün (elektron dərs materiallarına çıxış, tədris tətbiqlərindən istifadə, təqdimat və tədqiqat işləri məqsədilə istifadə və s.) köməkçi vasitə kimi istifadə edə bilərlər.
Təhsilalanlar müəssisənin ərazisində mobil və elektron cihazlardan yalnız zəruri hallarda (təbii fəlakət və digər fövqəladə hallar, sağlamlıq vəziyyəti ilə bağlı və s.) informasiya mübadiləsi üçün istifadə edə bilərlər.
Müəssisədə qaydaların icrasına nəzarət müəssisənin daxili intizam qaydaları ilə müəyyən ediləcək.
Qaydaların pozulması halları aşkar edildikdə müəssisə rəhbərliyi tərəfindən 1 iş günü müddətində təhsilalanın valideynləri (və ya digər qanuni nümayəndələri) bu barədə məlumatlandırılacaq və qabaqlayıcı tədbirlər (təhsilalanla fərdi profilaktik söhbətin aparılması, valideynin (və ya digər qanuni nümayəndənin) məktəbə dəvət olunaraq təhsilverənlərin iştirakı ilə birgə müzakirənin keçirilməsi, təhsilalanın məktəbdənkənar fəaliyyətlərə və tərbiyəvi tədbirlərə cəlb edilməsi və s.) həyata keçirəcək.