Masallının Dəmirçi kəndində fəaliyyət göstərən ibtidai sinif müəllimi Leyla Qarazadə şagird sevgisi, müəllim fədakarlığı və yaradıcılığı ilə bir çoxlarının qəlbini fəth edib.
Yurd.Media xəbər verir ki o, artıq iki ildir hər səhər Lənkərandan Masallıya yollanır, şagirdlərinin gülərüz qarşılaması isə bu uzun yolu unudulmaz edir.
“Məncə xoşbəxt müəllim odur ki, onu gülərək qarşılayan şagirdləri var,” – deyə müəllimə İctimai TV-yə müsahibəsində bildirib.
“İki ildir ki, hər gün Lənkərandan Masallıya üz tuturam və burada öz ailəmi görməyə gəlirəm. Məsafələr bizim burada birlikdə ailə şəklində təhsil almağımız üçün əngəl deyil".
Pedaqoji fəaliyyətinə Lənkəranın ucqar Jidi kəndində başlayan Leyla müəllimə, şagirdlərlə qurduğu sevgi bağı sayəsində sosial şəbəkələrdə də tanınıb. Kənd sakinləri onun bölgəni tərk etməməsini xahiş etdikdə, verdiyi vədə sadiq qalaraq 4 il həmin kənddə dərs deyib.
“Müəyyən müddət sonra müəllimlər oranı tərk edirdi. İnsanlar mənə dedilər ki, müəllimə, bilirik sizdə ərzaq və yol problemi olur, amma bizi atıb getməyin. Mənə uzadılan əli ömür boyu tutmağı özümə söz verdim və elə də davam edirəm,” – deyə müəllimə əlavə edib.
Hazırda Masallının Dəmirçi kəndində çalışan Leyla Qarazadə burada da sinif mühitini fərqli və maraqlı formada qurub. Sinif otağında motivasiyaedici sözlərlə bəzədilmiş güzgü yerləşdirib və şagirdlər hər dərsdən öncə həmin güzgüyə baxaraq özlərinə müsbət sözlər deyirlər.
Onun valideynlərlə bağlı jesti isə sosial şəbəkələrdə böyük maraq doğurub. Valideynlərin gənclik arzularını həyata keçirən müəllimə onlara illər əvvəl gerçəkləşdirə bilmədikləri peşə obrazlarını təqdim edib:
“Valideyn arzuladığı peşədə hər zaman övladını görür. Mən düşündüm ki, niyə də onlara belə bir an yaşatmayaq?! 20 il əvvəl arzuladıqları "mən" obrazını niyə də görməsinlər?! Bu mənim üçün həm sevincli, həm də kədərli an idi. Çünki onlar övladlarının qarşısında çatmaqdıqları arzularını reallaşdırdılar”.
Əyləncə mərkəzlərinin olmaması səbəbilə kənd uşaqlarının belə fəaliyyətlərdən uzaq qaldığını deyən Leyla müəllimə dərsləri əyləncə ilə birləşdirərək onların marağını artırmağa nail olub:
“Kənddə heç bir əyləncə mərkəzinin olmamasını və onların parklara həvəsli olduğunu gördüm. Dərsləri əyləncəli keçməyimin əsas səbəbi də budur. Biz o həyəcanı sinifə gətirərək həm öyrəndik, həm əyləndik”.
Şagirdləri isə müəllimlərini çox sevir və dərslərə böyük maraqla yanaşırlar. Onlar üçün bu sinifdə təkcə Riyaziyyat və Azərbaycan dili yox, həm də dostluq, paylaşmaq və sevgi öyrədilir. Elə bu səbəbdən onların tez-tez səsləndirdiyi bir cümlə var:
“Dünyanı gözəllik yox, sevgi xilas edəcək”.