SÜJET
İyunun 25-də təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin sonuncu günü keçirilib. Test imtahanının gedişatı ilə tanış olmaq üçün Bakı şəhəri 161 nömrəli tam orta məktəbə infotur təşkil edilib.
İnfoturda Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini Tehranağa Abdullayev, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli, bir sıra media qurumlarının rəhbərləri və influenserlər iştirak ediblər.
Yurd.Media xəbər verir ki, infotur çərçivəsində iştirakçılar əvvəlcə imtahan prosesi ilə tanış olub, gedişatı izləyiblər.
Daha sonra “dəyirmi masa” ətrafında davam edən müzakirələr zamanı infotur iştirakçılarına sertifikatlaşdırma prosesi barədə məlumat verilib, sertifikatlaşdırma ilə müəllimlərə özünüqiymətləndirmə və peşəkar inkişaf, fəaliyyətlərinə daha məsuliyyətli yanaşma və şəxsi inkişafın formalaşdırması üçün əhəmiyyətli imkan yaradıldığı qeyd edilib.
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev görüş zamanı bildirib ki, məqsəd hər bir müəllimin tədrisə tam yararlı olması, keyfiyyətə zəmanət sisteminin formalaşdırılması və ən əsası şagirdlərə savadlı müəllimlər tərəfindən təhsil verilməsidir.
Görüşdə qeyd edilib ki, sertifikatlaşdırma müəllimləri davamlı inkişaf üçün stimullaşdırır. İmtahanda iştirak müəllimləri öz üzərlərində işləməyə, bilik və bacarıqlarını təkmilləşdirməyə və nəticələrini yaxşılaşdırmağa təşviq edir. Bu, təhsilin keyfiyyətinə bilavasitə təsir göstərir.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini Tehranağa Abdullayev də öz növbəsində sertifikatlaşdırma prosesinin yaxından izlənilməsi üçün ictimaiyyət nümayəndələrinin dəvət olunmasını təhsil sistemində etimad mühitinin formalaşması üçün mühüm addım kimi qiymətləndirib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli görüş iştirakçılarına imtahanların təşkili barədə ətraflı məlumat verib. Qeyd edib ki, sertifikatlaşdırmanın ikinci mərhələsi olan müsahibə zamanı yalnız ixtisas və metodiki biliklər deyil, tədris prosesini planlaşdırma və idarəetmə bacarıqları da qiymətləndirilir. Bu mərhələ müəllimin real dərs mühiti üçün hazırlıq səviyyəsini ortaya qoyur.
Görüşdə sertifikatlaşdırma prosesinin pedaqoji fakültələr üçün əmək bazarının real tələblərinə uyğun müəllim hazırlığına yenidən baxmağa şərait yaratdığı və təlim proqramlarının təkmilləşdirilməsinə əsas verdiyi də diqqətə çatdırılıb.
“Dəyirmi masa” ətrafında davam edən müzakirələr zamanı media qurumlarının rəhbərlərini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.