Cəbrayıl rayonunun Horovlu kəndində yeni məktəb və bağça inşa edilib.
Elm və Təhsil Nazirliyindən Yurd.Media-ya bildirilib ki, 220 yerlik körpələr evi-uşaq bağçasında balacaların rahatlığının təmin olunmasına xüsusi diqqət yetirilib. Həmçinin bağçada yeməkxana, oyun və musiqi otaqları istifadəyə veriləcək.
Bundan başqa, binada inzibati, kompüter və metodika otaqları yaradılıb. Bağçanın ərazisində uşaqların asudə vaxtlarını maraqlı keçirmələri üçün də şərait yaradılıb.
Horovluda müasir tam orta məktəb binası da tikilib. Məktəb binasında tədrisin yüksək səviyyədə aparılması üçün geniş imkanlar mövcuddur. Məktəb lazımi dərs vəsaiti və avadanlıqla təchiz olunub. Burada 26 sinif otağı, kimya, fizika, biologiya və informatika, musiqi, rəsm, hərbi hazırlıq otaqları, 4 laboratoriya, kitabxana şagirdlərin ixtiyarına veriləcək. Binada 180 yerlik akt zalı, qapalı idman zalı və yeməkxana da yaradılıb. Məktəbin ərazisində açıq idman meydançası da mövcuddur.
Qeyd edək ki, oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndinin açılışı baş tutub. Birinci mərhələnin açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə burada inşa edilmiş məktəb və körpələr evi-uşaq bağçası barədə də məlumat verilib.