"2013-ci il strategiyasından sonra bəzi istiqamətlərdə qeyri-kafidən kafiyə, bəzi istiqamətlərdə kafidən-yaxşıya doğru irəliləmişik".
Yurd.Media xəbər verir ki, bu fikirləri "2025-2026-cı tədris ili yeniliklər və hədəflər" mövzusunda keçirilən konfransda Elm və təhsil naziri Emin Əmrullayev bildirib. Məktəbəqədər təhsilin önəmini vurğulayan nazir qeyd edib ki, bu mənada biz 16% nailiyyətdən 40%-ə gəlib çıxmışıq:
"İndi biz kafidən yaxşıya doğru olan keçidi başa çatdırmalıyıq. Ümumi təhsilin keyfiyyəti ibtidai təhsilin inkişafından çox asılıdır".
E.Əmrullayev deyib ki, dərsliklərdəki uyğunsuzluqlar nazirliyin nöqsanı deyil:
"Tarix dərsliklərində yalnız xronoloji təsvir faktları verilib. Bu isə qavramanı çətinləşdirir. Vətəndaş mövqeyindən deyə bilərəm ki, yaxşı olardı, tarix dərsliyi hekayə oluna biləcək şəkildə yazılsın. Şagird hər hansı bir tarixi prosesi hekayə kimi danışa bilsin".
Nazir qeyd edib ki, Azərbaycan dili dərsliklərində külli miqdarda qaydalar var. Şagirdlərimizin isə bəzilərində oxuyub-anlama qabiliyyəti zəifdir:
"Təəssüf ki, analitik qabiliyyət, oxuduğuna uyğun formalaşma 50-60% şagirddə formalaşmır. Mütəxəssislər bunun üzərində çalışmalıdırlar".