Gələn həftə növbəti tədris ili üçün birinci siniflərə şagird qəbuluna başlanılır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Yurd.Media-ya bildirilib ki, 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna mayın 6-dan start verilir.
Bildirilib ki, uşaqların birinci sinfə qəbulu mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Elektron qəbul sistemi ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrini əhatə edir.
Qeyd olunub ki, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qruplarından avtomatik şəkildə I sinfə keçirilib.
Eyni zamanda, valideynlərin diqqətinə çatdırılıb ki, birinci sinfə qeydiyyat zamanı uşağın şəxsiyyət vəsiqəsinin təqdim olunması mütləqdir.
Rəsmi məlumata görə, qəbul prosesində əsas məqsəd bütün valideynlər üçün əlçatanlığın və şəffaflığın təmin edilməsidir.