SÜJET
Bu gün Bakıda 46 saylı məktəbdə monitorinq imtahanı zamanı yaranan gecikmə valideynlərin ciddi narazılığına səbəb olub.
Yurd.Media xəbər verir ki, 4-cü sinif şagirdləri saat 09:00-da imtahana daxil olsalar da, sual vərəqələri onlara yalnız 3-4 saat sonra təqdim edilib.
"Baku TV"-yə şikayət edən valideynlərin sözlərinə görə, imtahan 150 dəqiqə ərzində yekunlaşmalı olsa da, uşaqlar 4-5 saat məktəbdə saxlanılıb və buraxılmayıblar.
Məktəbin qarşısında övladlarını gözləyən valideynlər narahat olaraq onların dərhal buraxılmasını tələb ediblər. Bu isə məktəb əməkdaşları ilə imtahana nəzarət edən təhsil idarəsinin nümayəndələri arasında gərginliyə səbəb olub.
Nəticədə, uşaqlar təşviş və göz yaşları içində məktəbi tərk ediblər. Onların bildirdiyinə görə, imtahan vərəqələri paylanana qədər sinif otaqlarında gözləməli olublar. 150 dəqiqəlik imtahan müddəti isə tam təmin olunmayıb və uşaqlar sualları cəmi 60 dəqiqə ərzində cavablandırmalı olublar.
Məsələ ilə bağlı Bakı Şəhəri Təhsil İdarəsindən bildirilib ki, mayın 17-də keçirilən monitorinq zamanı 46 saylı məktəbdə yaranan texniki problemlərlə bağlı operativ tədbirlər görülüb.
Həmçinin uşaqlara biliklərini nümayiş etdirmək üçün kifayət qədər vaxt verildiyi və monitorinqin şəffaf şəkildə keçirildiyi qeyd olunub.