SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
İxtisasdan kənar fənlər: Tələbələr üçün zərurətdir, yoxsa yük?

İxtisasdan kənar fənlər: Tələbələr üçün zərurətdir, yoxsa yük?

Tələbələr ixtisasdan kənar fənlərin tədrisinə qarşı çıxırlar. Onlar bu dərsləri əlavə yük və maraqsız hesab etsələr də, bəzi mütəxəssislər və Elm və Təhsil Nazirliyi bu fənlərin zəruri olduğunu bildiriblər.

Yurd.Media xəbər verir ki, ali təhsil müəssisələrində "Baku TV"-nin apardığı sorğulara görə, tələbələrin əksəriyyəti ixtisas fənlərindən əlavə dərslərin keçirilməsinin əleyhinədir. Respondentlər bu fənləri əlavə dərs yükü, vaxt itkisi və maraq azlığı ilə əlaqələndiriblər.

Onların fikrincə, bu dərslər əsas ixtisas biliklərinin öyrənilməsinə mane olur. Bir çox tələbənin bu fənləri oxumaqda məqsədi sadəcə keçid balını toplamaqdır.

Müəllimlər və təhsil mütəxəssisləri isə əlavə fənlərin tələbələrin dünyagörüşünü və bacarıqlarını inkişaf etdirdiyini vurğulayıblar.

Azərbaycan Dillər Universitetinin (ADU) prorektoru Şəfəq Şahməmmədova bildirib ki, bu fənlər heç də "artıq" və ya "faydasız" deyil:

"Geniş dünyagörüşünə malik olan bir mütəxəssis müəyyən bacarıqlara sahib olmalıdır. Ona görə düşünürəm ki, ümumi fənn blokuna daxil olan fənlər ixtisasdan kənar sayılmamalıdır. Sadəcə tələbələr bu fənləri çətinliklərinə görə düzgün dəyərləndirmirlər. Sonradan əmək bazarına daxil olduqda bu fənlərin faydasını anlayırlar".

Təhsil eksperti Kamran Əsədov isə mövcud sistemdə əlavə fənlərin tədrisində ciddi problemlərin olduğunu bildirib:

"Çox təəssüf ki, ali təhsil müəssisələrində tələbələrə ixtisaslarına aid olmayan fənlər keçilir. Bu isə motivasiyanın azalmasına səbəb olur. Belə dərslərdən tələbələr yalnız minimal bilik və bacarıq əldə edirlər. Təhsil siyasəti daha real tələblər üzərində qurulmalıdır".

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi isə əlavə fənlərin tədrisini müasir əmək bazarının və qlobal təhsil sisteminin tələbləri ilə əlaqələndirib:

"Ali təhsil müəssisələrində ixtisasa uyğun olmayan, lakin ümumi təhsil, sosial-humanitar və seçmə xarakterli fənlərin tədrisi planlı şəkildə həyata keçirilir. Ali təhsil yalnız dar ixtisas bilikləri ilə məhdudlaşmamalıdır. Tələbələrə tənqidi düşünmə, ünsiyyət, etik məsuliyyət, komanda ilə işləmə və rəqabətə davamlı bacarıqlar aşılanmalıdır".

Müzakirələr göstərir ki, tələbələrin maraqları, müəllimlərin yanaşmaları və təhsil siyasətindəki məqsədlər arasında ciddi təzad mövcuddur. Balanslı və effektiv həll yollarının tapılması isə bu gün təhsil sisteminin əsas çağırışlarından biridir.