SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
BDU və Üsküdar Universitetinin birgə simpoziumu: Beynəlxalq Elmi Konfransa START VERİLDİ

BDU və Üsküdar Universitetinin birgə simpoziumu: Beynəlxalq Elmi Konfransa START VERİLDİ

  • 14 may 2025, 19:57

Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Üsküdar Universitetinin birgə təşkilatçılığı, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Azərbaycan Mətbuat Şurasının tərəfdaşlığı ilə mayın 14-16-da Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Yurd.Media xəbər verir ki, konfrans çərçivəsində Türkiyənin müxtəlif ali təhsil müəssisələrindən və media subyektlərindən olan nümayəndələrin ustad dərsləri, Azərbaycan milli mətbuatının 150 illiyi çərçivəsində BDU-nun Jurnalistika fakültəsində "Milli mətbuat tarixi auditoriyası”nın açılışı, “Bakı Universiteti” qəzetinin xüsusi nömrəsinin və fakültə tərəfindən yeni təsis edilən “Media problemləri” jurnalının təqdimat mərasimləri təşkil ediləcək.

Ümumilikdə 300-ə yaxın məqalə və 100-ə yaxın tezisin qəbul olunduğu konfransda 100-dən artıq qonağın istirakı gözlənilir. Tədbir zamanı medianın müxtəlif istiqamətləri üzrə 19 canlı, 24-dək onlayn panel müzakirəsinin təşkili nəzərdə tutulub.

Konfranslar bağlı Üsküdar Universitetinin rektoru və rəhbər şəxslərinin "Moderator.az"a müsahibəsini təqdim edirik.

Söhbətimizə Üsküdar Universitetinin rektoru Nazife Güngörlə başladıq.

- Nazifə xanım, simpoziumun əhəmiyyətindən söz açmağınızı istərdim, əsas məqsəd nə idi?

-Azərbaycanda müxtəlif aspektlərdən özünü inkişaf etdirmiş, böyük nüfuza sahib özəl və dövlət universitetləri var. Onlardan biri də Azərbaycanın ən qədim təhsil müəssisəsi Bakı Dövlət Universitetidir. Universitetin “Jurnalistika” fakültəsi çox peşəkar müəllim və tələbə heyəti ilə diqqətimizi çəkdi. Onlarla bir neçə görüşdən sonra əməkdaşlığımızı daha böyük səpkidə davam etdirmək qərarına gəldik.

İlk istəyimiz burada akademik səviyyədə elmi mübadilələri aparmaqdır. Növbəti mərhələdə isə ikili diplom məsələsidir. İkili diplom hazırda nazirlik tərəfindən müzakirə edilir, biz artıq bu yola başlamışıq.

Simpoziuma gəldikdə isə 11 ildən çoxdur ki, hər il bu simpoziumu qeyd edirik. Biz bunu “Beynəlxalq əlaqələr günü” adlandırırdıq. Tədbir çərçivəsində ayrı-ayrı illərə xüsusi adlar verib simpoziumu gerçəkləşdiririk. Tədbirə müxtəlif ölkələrdən mütəxəssislər gəlirdi. Bu il Baklı Dövlət Univversiteti ilə qeyd etmək qərarına gəldik. Bu dəfə ev sahibliyini Bakı Dövlət Universiteti edəcək.

- Nə qədər heyətlə gəldiniz və gələn heyətin özəllikləri nələrdir?

- Tədbirə 300 akademik qatılacaq. Simpoziumun bir qismi onlayn şəkildə baş tutacaq. Əslində biz hər il üz -üzə, canlı görüş şəklində qeyd edirdik bu simpoziumu. Ancaq koronavirusdan sonra onlayn formada keçirməyə başladıq. Çünki hər kəs iştirak edə bilmir. Bu il 300 iştirakçıdan 150-si Bakı Dövlət Universitetində iştirak edəcək. Türkiyənin müxtəlif universitetlərindən 100-ə yaxın mütəxəssis gəlib. Hamımız çox həyəcanlıyıq. Simpozium üç gün 3 dildə davam edəcək.

Üsküdar Universitetinin Yeni Media və Kommunikasiya şöbəsinin müdiri Gül Esra Atalay da simpozumun keçirilməsini qiymətləndirdi:

- Elmi simpoziumun keçirilməsinin əsas məqsədi iki ölkə arasında akademik əməkdaşlığın gücləndirilməsi, elm və təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılması, ortaq elmi layihələrin təşviqi və gənc alimlərin beynəlxalq arenada inkişafına dəstək verməkdir. Azərbaycandan tələbələrimiz var, onlarla çalışırıq. Belə bir simpozium hər iki universitet üçün önəmlidir. Bu, alim və tədqiqatçıların təcrübə mübadiləsini təmin etmək, ortaq tədqiqat istiqamətlərini müəyyənləşdirmək və gələcəkdə birgə layihələrin həyata keçirilməsinə zəmin yaratmaqdır.

Həmçinin, simpozium elmi nəticələrin paylaşılması, yeni ideyaların müzakirəsi və akademik şəbəkələşmənin inkişaf etdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

-İki ölkə arasında dərs proseslərində hansı fərqlər var?

Bizdə dərs prosesləri digital formada keçirilir. Azərbaycanda isə buna yeni başlayırlar. Hər iki universitetdə təcrübələrə böyük önəm verilir. Azərbaycandakı universitetlərin media ilə əlaqələri yaxşıdır. Bu da tələbələrin özünü realizə etməsində böyük rol oynayır.

- Üsküdar Universitetinin müəllimlərinin digər universitetlərdən fərqi nədir?

-Bizə əlçatanlıq asandır, əlaqələrimiz də genişdir. Bu istiqamətdə qruplarımız var. Problem yaranmadan həll edə bilirik. Önəmli beynəlxalq araşdırmalar edirik.

Üsküdar Universitetinin Yeni Media və Kommunikasiya (İngilis dili) şöbəsinin müdiri Bahar Muratoğlu Güreş də fikirlərini bölüşüb:

-Bu ilə qədər sözügedən simpozium Üsküdar Universitetində keçirilirdi. Bu simpozium əlaqələr baxımdan böyük rol oynayır.

Məsləkdaşlarımızla fikir alış- verişi etmək çox önəmlidir. Beynəlxalq səviyyədə olması daha gözəldir. Azərbaycandakı təhsil prosesindən xəbərdar oluruq. Belə ortamlarda inkişaf edən söhbətlər fərqli akademik iş ortaqlığına çevrilir.

Simpoziumlar müxtəlif sahələrdə çalışan alimləri, tədqiqatçıları və mütəxəssisləri bir araya gətirir. Bu, elmi mübadiləni sürətləndirir və birgə layihələrin əsasını qoyur.Tərəflər bir-birinin dəyərlərini, tarixini və dünyagörüşünü daha yaxşı anlaya bilir.

Simpoziumlar nəticəsində tələbə və müəllim mübadiləsi proqramları yarana bilər. Bu da gənc mütəxəssislər üçün yeni təcrübə və təhsil imkanları deməkdir.

-Təklif alsanız burada müəllim olaraq çalışmaq istərdinizmi?

-Azərbaycanı çox sevirik, əlbəttə istərdik. Ümid edirəm bu, bir gün gerçəkləşər.

-Müəllimlərin qarşılaşdığı problemlər nələrdir? Sizi nələr rahatsız edir?

-İndi uzun müddətli oxuma alışqanlığı zəifləyib. Bir kitabın başında uzunmüddətli zaman keçirmək istəmirlər. Bəzən bezirlər, yorulurlar. Diqqətlərini verə bilmirlər.

Nazife Güngör davam edir....

- İndi zəmanə fərqlidir. O qədər çox informasiya var ki, onu topalamaq üçün bir yerə fokslana bilmirlər. Nə qədər çox bilgi əldə etsəniz, daha çox dağınıq olursunuz. Amma indi zəmanə də fərqlidir. İndiki tələbələr 24 saat telefonu yanında saxlayırlar. Auditoriyada telefonla məşğul olurlar.