SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Azərbaycanlı gənclər üçün yeni fürsət: Mədəniyyət və yaradıcılıq üzrə xaricdə təhsil proqramı

Azərbaycanlı gənclər üçün yeni fürsət: Mədəniyyət və yaradıcılıq üzrə xaricdə təhsil proqramı

Azərbaycanın mədəniyyət və incəsənət sahəsində çalışanlar və bu sahədə təhsil alan gənclər üçün sevindirici xəbər var.

Yurd.Media xəbər verir ki, artıq ikinci ildir ki, Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Mədəniyyət və Yaradıcılıq üzrə Xaricdə Təhsil üzrə Dövlət Proqramı” çərçivəsində yaradıcı sahələrdə çalışan mütəxəssislərə və tələbələrə xaricdə təhsil almaq üçün xüsusi təqaüdlər təqdim olunur. Bu barədə Mədəniyyət Nazirliyin müşaviri əməkdar incəsənət xadimi Cahangir Səlimxanov "Sabahın xeyir Azerbaycan" verilişində açıqlayıb .

Bu proqram klassik incəsənət ixtisasları ilə yanaşı, musiqi menecmenti, səs dizaynı, kitab sənayesi, teatr və tədbirlərin təşkili kimi müasir və tələbatlı sahələri də əhatə edir. Məqsəd dünya standartlarına uyğun bilik və bacarıqlara malik yeni nəsil mütəxəssislər yetişdirməkdir.

Pilot mərhələdə olan proqram hər il 20 nəfəri əhatə edir. Hazırda təqaüd qazananlar arasında Almaniya, İtaliya, Türkiyə, Birləşmiş Krallıq və Polşada təhsil alan azərbaycanlı tələbələr var. Onların arasında artıq sənət əsərləri ərsəyə gətirənlər, film çəkənlər və musiqi layihələrini reallaşdıranlar da var.

Müraciət etmək istəyənlər mystart.az saytına daxil olaraq elektron ərizə formasını doldura və proqram şərtləri ilə tanış ola bilərlər. Vacib şərtlərdən biri isə namizədin artıq xaricdəki ali təhsil müəssisəsinə qəbul olunmuş olmasıdır.

Gələcək planlara gəlincə, Mədəniyyət Nazirliyi bu proqramın əhatə dairəsini genişləndirməyi, qısamüddətli təlim və ixtisasartırma kurslarını da dəstəkləməyi planlaşdırır.

Proqram yalnız təqaüd verməklə kifayətlənmir. Nazirlik məzunları daim izləyir, onların fəaliyyəti ilə maraqlanır və ölkəyə faydalı töhfələr vermələri üçün dəstəkləyir. Məqsəd təkcə xaricdə təhsil deyil, həm də Azərbaycanın mədəni sənaye sektorunun inkişafına real töhfə verməkdir.