SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Azərbaycanda Çin dilini öyrənməyin hansı üstünlükləri və çətinlikləri var? - VİDEO

Azərbaycanda Çin dilini öyrənməyin hansı üstünlükləri və çətinlikləri var? - VİDEO

Azərbaycanla Çin arasında münasibətlər bu gün bütün sahələrdə, xüsusən də təhsil sahəsində yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyev bir neçə gün öncə Çin telekanalına verdiyi müsahibədə bildirib ki, Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək məqsədəuyğundur.

Yurd.Media xəbər verir ki, Çin dilinə maraq son illərdə Azərbaycanda nəzərəçarpacaq dərəcədə artıb.

Çin dili üzrə tərcümə ixtisasında təhsil alan tələbə Lyaman Fərəcova "ATV Xəbər"-ə bildirib ki, Çinə və onun mədəniyyətinə marağı uşaqlıqdan başlayıb. Onun əsas məqsədi universiteti bitirdikdən sonra diplomatik sahədə, xüsusən də səfirlikdə çalışmaqdır. Tələbənin sözlərinə görə, Çin dilinin öyrənilməsində ən çətin hissə yazı sistemidir, çünki əlifba yoxdur və hecaları əzbərləmək tələb olunur:

“Əgər bir müddət yazmasam, hərflər yadımdan çıxır”.

Çin dilini tədris edən və artıq 4 ildir Azərbaycanda yaşayan müəllim isə bildirir ki, azərbaycanlı tələbələrin bu dilə marağı ilbəil artır. O, Azərbaycanda ailə həyatı quraraq Bakı şəhərində yaşamağı seçib. Müəllimin sözlərinə görə, Çinin bir çox vilayətlərində Azərbaycan mərkəzləri fəaliyyət göstərir və burada Azərbaycan dili və mədəniyyəti ilə bağlı məlumatlar təqdim olunur. O, həmçinin bildirib ki, artıq onun oğlu da Azərbaycan dilinə böyük maraq göstərir.

Çinin universitetləri xüsusilə texnologiya, mühəndislik, tibb və iqtisadiyyat sahələrində beynəlxalq standartlara cavab verən təhsil təklif edir. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Zəfəroğlu bildirib ki, Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması mümkündür və bu təşəbbüs prioritet istiqamətlər üzrə ixtisaslı kadrların hazırlanmasına töhfə verə bilər.

Azərbaycanla Çin arasında imzalanan sənədlər və əməkdaşlıq sazişləri nəzərə alınaraq, bu istiqamətdə inkişafın davam edəcəyi gözlənilir. Müsbət dinamika hər iki ölkənin, eyni zamanda xalqların həyatında müsbət nəticələr doğuracaq.

Prime Leasing