SÜJET
Paytaxtın Yasamal rayonunun sakinləri sahibsiz itlərin artması və onların aqressiv davranışlarından narahatdırlar.
Yurd.Media "APA Xəbər"ə istinadən xəbər verir ki, sahibsiz küçə itləri səbəbindən ərazidə təhlükəsiz şəkildə hərəkət etmək çətinləşib. Xüsusilə axşam saatlarında, parkların ətrafında itlər insanlara hücum edir, bu da uşaqlar və qadınlar üçün ciddi təhlükə yaradır.
Sakinlərin sözlərinə görə, sahibsiz itlər dəfələrlə uşaqlara və böyüklərə hücum ediblər. “Keçən dəfə pəncərədən baxanda gördüm ki, bir uşaq parkdan çıxırdı, itlər onun arxasınca qaçdı, uşaq qorxudan qışqırdı. Bu ilk hadisə deyil”, – deyə bir sakin bildirib.
Ən çox narahatlıq doğuran məqamlardan biri də park və oyun meydançalarının ətrafında itlərin tez-tez görünməsidir. “Axşam saat 6-dan sonra parkın yanından keçmək mümkün deyil. Uşaqları tək aşağı buraxmağa qorxuruq”, – deyə başqa bir sakin şikayət edib.
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb. Qurumun Mənzil-Kommunal Təsərrüfatı şöbəsinin müdiri Cəmil Qarayev qısa şəkildə belə bildirib: “Sakinlər tərəfindən məlumat daxil olduqda, 'Idea Animal' təşkilatı ilə əlaqələndirilir”.
Lakin əlavə suallara cavab almaq mümkün olmayıb.
Qeyd edək ki, sahibsiz itlər təkcə Yasamalda deyil, Bakının bir çox ərazisində ciddi təhlükə yaradır. Onlar sürü halında küçələrdə dolaşır, sakinlərə hürür və hücum edirlər. Bu heyvanların quduzluq əleyhinə peyvəndlərinin olmaması vəziyyəti daha da təhlükəli edir.