SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Sakinlərin istirahət meydançası niyə dağıdılır?

Sakinlərin istirahət meydançası niyə dağıdılır?

Bakı

Yasamal rayonunda idman kompleksinə məxsus havalandırma sisteminin quraşdırılması əhali arasında narazılığa səbəb olub.

Yurd.Media xəbər verir ki, "Baku TV" nin qaynar xəttinə müraciət edən sakinlər bildiriblər ki, sistem yaşayış binasının qarşısında sakinlərin öz hesablarına qurduğu yeganə meydançada yerləşdirilib və bu, ərazinin əvvəlki funksionallığını tamamilə itirməsinə gətirib çıxarıb.

Sakinlərin sözlərinə görə, əvvəllər uşaqlar və ailələr üçün nəzərdə tutulan bu meydançada idman və istirahət fəaliyyətləri həyata keçirilirdi. Basketbol və futbol oyunları üçün şərait yaradılmış, ərazi betonlanmış və təhlükəsiz vəziyyətdə idi. Lakin indi meydança dağıdılıb və təhlükəli məkana çevrilib.

Sakinlər bildirirlər ki, gecə saatlarında ərazi narkotik istifadəçilərinin toplanma yerinə çevrilib və oradan istifadə olunmuş iynələr də tapılıb.

"Bu boyda binanın heç bir yerində uşaqlar üçün meydança yoxdur. Yeganə meydan da bu vəziyyətə salınıb. Dərinliyinə baxsanız, aydın görünür ki, bu, təhlükəlidir," - deyə sakinlər deyiblər.

Məsələ ilə bağlı idman kompleksini idarə edən Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) müraciət olunsa da, ərazidə məsul şəxslə görüş mümkün olmayıb. Kompleksin direktoru ilə əvvəlcədən aparılan telefon danışığında vətəndaşların şikayəti ona çatdırılıb. Direktor havalandırma sistemi ilə bina arasında 25-30 metr məsafə olduğunu bildirərək, digər suallarla bağlı hüquqşünasa yönləndirib.

Şirkətin hüquqşünası Mehman Muradlı isə bildirib ki, layihələndirmə zamanı nə park, nə də istirahət zonası nəzərdə tutulmayıb. Onun sözlərinə görə, havalandırma sisteminin quraşdırılması aidiyyəti dövlət qurumları - Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əvvəlcədən razılaşdırılıb.

Hüquqşünas əlavə edib ki, Yasamal Rayon İcra Hakimiyyətinin razılığı əsasında ərazidə abadlıq işləri həyata keçiriləcək.

Məsələ ilə bağlı İcra Hakimiyyətinə ünvanlanan sorğu isə cavabsız qalıb.

Prime Leasing