SÜJET
Xəzər rayonunun Mərdəkan qəsəbəsində ötən ilin oktyabr ayında yağan intensiv yağışlardan sonra qrunt sularının səviyyəsi kəskin şəkildə artıb.
Yurd.Media xəbər verir ki, qəsəbənin küçələri və həyətləri su altında qalıb. Bu hal sakinlərin həm gündəlik hərəkətinə, həm də yaşayış şəraitinə ciddi problemlər yaradıb.
Sakinlər İTV-yə bildiriblər ki, artıq bir neçə aydır ki, məhəllədaxili yollarda dərin gölməçələr yaranıb, zirzəmilərə su dolub və evlərin bünövrəsinə ciddi ziyan dəyib. Yağıntı olmasa belə, qrunt suları hələ də evlərə sızır, bu isə məişət əşyalarının sıradan çıxmasına, evdə rütubətin artmasına və yaşamağın çətinləşməsinə səbəb olur.
Qəsəbə sakini qeyd edir ki, zirzəmi tam su altındadır, işıq sistemi sıradan çıxıb, 100-dən çox evin həyəti qrunt suları altında qalıb. Nəticədə bəzi ailələr evlərini tərk etməyə məcbur olub. Qrunt sularının təsiri ilə torpaq çökmələri, yaşıllıqların sıradan çıxması və ağacların quruması halları da müşahidə olunur.
Problemdən çıxış yolu tapmaq üçün sakinlər öz vəsaitləri hesabına nasoslar quraşdıraraq suyu çəkməyə çalışsalar da, bu tədbirlər vəziyyəti tam həll etmir. Onlar dəfələrlə müvafiq dövlət qurumlarına müraciət ediblər.
Məsələ ilə bağlı İri Şəhərlərin Su Təchizatı Xidməti tərəfindən bildirilib ki, qeyd olunan ərazidə mərkəzləşdirilmiş tullantı su şəbəkəsi və yağış suları sistemi mövcud deyil. Bu səbəbdən yağıntılar zamanı suyun sahələrdə yığılması hallarına tez-tez rast gəlinir. Belə hallarda relyefin imkan verdiyi ərazilərdə su, qəza briqadalarının cəlb olunması ilə maşınlar vasitəsilə hissə-hissə çəkilir.
Qurumdan bildirilib ki, tullantı sular üçün şəbəkəsi olmayan ərazilərdə təchizatın qurulması məqsədilə müvafiq layihə-sənədlər hazırlanıb və şəbəkələrin inşası agentliyin tədbirlər planına uyğun olaraq mərhələli şəkildə aparılır.