SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Valideyn himayəsindən məhrum şəxslərə 6 min manat: sistem necə işləyəcək?

Valideyn himayəsindən məhrum şəxslərə 6 min manat: sistem necə işləyəcək?

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərə ilk dəfə işə düzələn zaman 6000 manat birdəfəlik ödəniş veriləcəyi ilə bağlı məlumat rəsmi şəkildə təsdiqlənib.

Bu qərarın hüquqi əsası, əhatə etdiyi şəxslər və müraciət mexanizmi necə olacaq?

Hüquqşünas Gülnar İbrahimova Yurd.Media-ya bildirib ki, bu dəstək vətəndaşlar üçün sevindirici olsa da, müraciət və hüquqi əsaslar barədə dəqiq məlumat vacibdir.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarı ilə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri çərçivəsində belə birdəfəlik müavinət nəzərdə tutulub.

Hüquqşünasın sözlərinə görə, Nazirlər Kabinetinin 07 noyabr 2001-ci il tarixli qərarında göstərilir ki, bu şəxslər ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 6000 manat məbləğində birdəfəlik müavinətlə təmin olunurlar.

Bu yardım yalnız valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 18 yaşınadək şəxsləri əhatə edir.

Hüquqşünas bildirir ki, valideynlərini itirmiş uşaqlar dedikdə, hər iki valideyni vəfat etmiş şəxslər, valideyn himayəsindən məhrum olmuş uşaqlar isə müəyyən hallarda valideyn hüquqlarından məhrum edilən, itkin düşmüş, əlilliyi olan və digər qanunla nəzərdə tutulan kateqoriyalardakı şəxslər nəzərdə tutulur.

Ekspert qeyd edir ki, həmçinin bir valideyni vəfat etmiş və digər valideyni əlilliyi 61-100 faiz arasında müəyyən edilmiş şəxslər də bu kateqoriyaya daxildir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş ali və orta ixtisas təhsil müəssisələrində əyani formada təhsil alan 23 yaşadək şəxslər də müavinət almaq hüququna malikdirlər.

Hüquqşünasın sözlərinə görə, birdəfəlik ödəniş Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. Vətəndaşlar isə müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya müvafiq əlaqələndirmə mərkəzlərinə müraciət edə bilərlər.

Ekspert bildirir ki, müraciət üçün tələb olunan sənədlərə şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamənin surəti, əmək kitabçası (işləyənlər üçün), valideynlərin ölüm və ya digər vəziyyətlərini təsdiq edən sənədlər daxildir.

Prime Leasing