Tovuz rayonunda erkən və qohum nikahlarının fəsadlarına həsr olunmuş maarifləndirici tədbir təşkil edilib.
Yurd.Media xəbər verir ki, A.Hüseynov adına Aşağı Öysüzlü kənd tam orta ümumtəhsil məktəbində “Gələcəyini düşün: erkən nikahın və qohum nikahının fəsadları” mövzusunda keçirilən tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Tofiq Əliyev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon üzrə təhsil sektorunun müdiri Aysel Quliyeva, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşı İlham Məmmədov, eləcə də şagirdlər və məktəb kollektivi iştirak ediblər.
Çıxış edən Tofiq Əliyev bildirib ki, erkən və qohum nikahları cəmiyyətin sağlam inkişafına ciddi maneə yaradan sosial problemlər sırasındadır. O qeyd edib ki, erkən nikahlar yeniyetmələrin təhsildən yayınmasına, sağlamlıq və psixoloji problemlərə, eləcə də gələcək imkanlarının məhdudlaşmasına səbəb olur. Vurğulanıb ki, gənclərin təhsilli, savadlı və milli-mənəvi dəyərlərə sadiq vətəndaş kimi formalaşması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bildirilib ki, bu xətt Ümummilli Lider Heydər Əliyev tərəfindən əsaslandırılıb və bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın sosial və humanitar layihələrinin sağlam ailə modelinin təşviqinə mühüm töhfə verdiyi qeyd olunub.
Daha sonra Aysel Quliyeva, İlham Məmmədov və məktəbin direktoru Səhər İmamverdiyev çıxış edərək bildiriblər ki, erkən və qohum nikahları həm qanunvericiliyə, həm də sağlam cəmiyyət prinsiplərinə ziddir. Qeyd olunub ki, bu halların qarşısının alınması üçün məktəb, ailə və hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti vacibdir, yeniyetmələr isə mütəmadi maarifləndirilməlidir. Şagirdlərə öz hüquqlarını bilmələri, təhsillərini davam etdirmələri və gələcəklərini düzgün planlaşdırmaları tövsiyə edilib.
Tədbirin sonunda mövzuya dair maarifləndirici videoçarx nümayiş etdirilib. Yurd Media tədbirlə bağlı məlumatları oxuculara çatdırmağa davam edəcək.