Milli Hidrometeorologiya Xidmətinin sarı xəbərdarlıq yaymasına və təhlükəli hava şəraitinə baxmayaraq, Bakının bir sıra tikinti obyektlərində işlər davam etdirilir.
Yurd.Media "APA Xəbər"ə istinadən xəbər verir ki, 28 aprel tarixində güclü külək və yağıntılı hava şəraitinə baxmayaraq, fəhlələr yeni tikilən “Ağ şəhər” körpüsündə işlərini davam etdiriblər. Bildirilib ki, küləyin maksimal sürəti saniyədə 28 metrə çatmasına baxmayaraq, tikinti dayandırılmayıb.
Tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə “Evroskor” şirkəti tərəfindən həyata keçirilir. Agentlik isə mətbuata açıqlayıb ki, həmin işçilər onların əməkdaşları deyil və təhlükəsizlik tədbirlərinə görə şirkət özü məsuliyyət daşıyır.
Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov bildirib ki, belə hava şəraitində tikinti işlərinin aparılması əmək təhlükəsizliyi qaydalarının ciddi şəkildə pozulmasıdır:
“Əmək Məcəlləsinin tələblərinə əsasən, küləyin gücü 2 baldan artıq olduqda kranların quraşdırılması, 3 baldan artıq olduqda qaldırıcı qurğuların sökülməsi və quraşdırılması, 6 baldan artıq olduqda isə digər yüksək riskli işlər dayandırılmalıdır. Hətta 3 baldan artıq külək zamanı taxta şalbanların yerinin dəyişdirilməsi belə qadağandır”.
Əmək təhlükəsizliyi üzrə ekspert Orxan Musayev isə qeyd edib ki, istər tikinti, istərsə də digər açıq hava sahələrində işçilərin həyat və sağlamlığı hər şeydən üstün tutulmalıdır:
“Təhlükəli hava şəraitində işlərin davam etdirilməsi və mümkün bədbəxt hadisələr, işəgötürənin həm hüquqi, həm də mənəvi məsuliyyətini artırır,” – deyə o bildirib.
Ekspert Orxan Hüseynov isə əlavə edib ki, “Əmək qanunvericiliyinə görə belə hallarda inzibati və hətta cinayət məsuliyyəti də yarana bilər”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində 747 nəfər əmək qabiliyyətini itirib. Bu rəqəm 2023-cü ildə 454 nəfər təşkil etmişdi. Statistik göstəricilər göstərir ki, bədbəxt hadisələrin əksəriyyəti məhz tikinti sahəsində baş verir.