SÜJET
Şabran rayonunun Qazbabalı kəndində yerləşən suvarma kanalı son aylarda sistemli şəkildə məişət tullantıları ilə çirkləndirilir.
Yurd.Media xəbər verir ki, zibil gecə saatlarında naməlum şəxslər tərəfindən kanala atılır və bunun nəticəsində kənddə içməli və təsərrüfat məqsədilə istifadə olunan suyun keyfiyyəti kəskin pisləşib. Qazbabalı icması məsuliyyəti qonşu Əmirxanlı kəndinin üzərinə qoyur, qarşı tərəf isə ittihamları tamamilə rədd edir.
Mövzuya dair Şabran Rayon İcra Hakimiyyəti tərəfindən "Real TV"-yə verilən açıqlamada qeyd olunur ki, problem rayonda uzun müddətdir nəzarətdə saxlanılır. Əraziyə əlavə texnika cəlb olunacaq, kanal ətrafı tullantılardan təmizlənəcək və məişət zibillərinin yenidən atılmasının qarşısını almaq üçün mütəmadi reydlər təşkil ediləcəkdir.
Bundan əlavə, intensiv yağışlar səbəbilə Qazbabalı və Əmirxanlı kəndlərini birləşdirən avtomobil yolunda çökmələr yaranıb. Dərin yarğanlar nəqliyyatın təhlükəsiz hərəkətini məhdudlaşdırır. Şabran Rayon İcra Hakimiyyəti və rayon Fövqəladə Hallar Komissiyası yolun bərpası üçün geoloji qiymətləndirmə aparır, xüsusi texnika və materiallar hazırlanır.
Rəsmi qurumlar hər iki məsələnin yaxın günlərdə həll ediləcəyini və sakinlərdən səbirli olmalarını xahiş edirlər. İcra Hakimiyyəti bildirir ki, tullantıların idarə olunması, yolun bərpası və ətraf mühitə nəzarət istiqamətində kompleks tədbirlərin icrası davam etdiriləcək.