SÜJET
Şabran rayonunun Mumlu kəndində uzun illərdir yol və içməli su problemi mövcuddur. Kəndin əsas yolunun bərbad vəziyyətdə olması səbəbindən sakinlər rayona getməkdə ciddi çətinliklərlə üzləşirlər.
Yurd.Media "Real TV"-yə istinadən xəbər verir ki, kəndə nə təcili tibbi yardım, nə də digər nəqliyyat vasitələri vaxtında çata bilir. Bu vəziyyət sakinlərin gündəlik həyatına və təhlükəsizliyinə mənfi təsir göstərir.
Kənd sakinlərinin sözlərinə görə, qış aylarında şagirdlər rayonda qalmağa məcbur olur, çünki kənddən çıxmaq demək olar ki, mümkün deyil. Yol şəraiti ucbatından bir çox ailə kəndi tərk edib yaxınlıqdakı yaşayış məntəqələrində kirayədə qalmağa üstünlük verir.
Eyni zamanda, kənddə içməli su problemi də mövcuddur. Sakinlər bildirirlər ki, kəndin əsas su xətti tez-tez sıradan çıxır, bu da əhalinin su təchizatında fasilələrə səbəb olur. Nəticədə sakinlər suyu uzaq məsafələrdən daşımalı olurlar.
Məsələ ilə bağlı Şabran Rayon İcra Hakimiyyətindən bildirilib ki, kəndin yol problemi onların nəzarətindədir. 2024-cü ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə layihə hazırlanması üçün müraciət edilib və gələcəkdə dövlət vəsaiti hesabına yolun çəkilməsi nəzərdə tutulur.
İçməli su problemi ilə əlaqədar “Azərsu” ASC-dən verilən məlumata görə, kənddən keçən su xəttində baş verən qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır.
Hazırda Mumlu kəndində bu iki əsas problemin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi gözlənilir.