Abşeron Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Qərbi Azərbaycan əsilli gənclərlə, eləcə də Abşeron RİH-də təcrübə keçən könüllülərlə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ötən iki əsr ərzində Qərbi azərbaycanlılara qarşı törədilən tarixi ədalətsizlik” mövzusunda görüş keçirilib.
Görüşdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Qərbi Azərbaycan həqiqətlərini, tarixi və mədəniyyətini özündə əks etdirən videoçarx nümayiş olunub.
Rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova regionlarda gənclərlə davamlı olaraq keçirilən silsilə tədbirlərin Qərbi Azərbaycan ilə bağlı tarixi faktların geniş ictimaiyyətə çatdırılmasında, xüsusilə gənclərin tarix və milli kimlik barədə məlumatlılığının artırılmasında əhəmiyyətini vurğulayıb, bu istiqamətdə Abşeronda həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Milli Məclisin üzvü Rizvan Nəbiyev Qərbi Azərbaycan İcmasının fəaliyyəti, gənclərin üzərinə düşən vəzifələrdən, Vətən müharibəsində qazanılan şanlı Qələbəmizin təmini üçün Azərbaycan Prezidenti İlham Əliyevin atdığı qətiyyətli addımlardan danışıb. R.Nəbiyev, həmçinin tədbir iştirakçılarını beynəlxalq ictimaiyyətin soydaşlarımızın ata-baba yurdlarına qayıtması istiqamətində ölkəmizin haqlı mövqeyi ilə bağlı düzgün məlumatlandırılmasında fəallıq göstərməyə çağırıb. O, qayıdışın hüquqi əsasları və beynəlxalq təcrübə haqqında danışıb.
Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin sədri Bilman Vəliyev çıxışında vurğulayıb ki, İcma tərəfindən yüz minlərlə Qərbi azərbaycanlının haqlarının bərpası və onların öz ata-baba yurdlarına qayıdışının həyata keçirilməsi üçün böyük işlər görülür. Bu əzmkar fəaliyyətin nəticəsidir ki, Qərbi azərbaycanlıların hüquqlarını dünya azərbaycanlıları ilə yanaşı, mütərəqqi ölkələrin vətəndaşları da müdafiə edirlər. O, həmçinin Türk Dövlətləri Təşkilatında təmsil olunan qardaş ölkələrlə də Ermənistanın etnik təmizləmə və deportasiya siyasətinin dünyaya çatdırılması, tarixi ədalətin bərpası üçün əməkdaşlıq etməyin və dəstək almağın zəruri olduğunu bildirib.
Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin Gənclərlə iş üzrə məsul şəxsi Heydər Vəliyev Azərbaycanın tarixi, icmanın fəaliyyəti haqqında çıxış edərək, gənclərə geniş məlumat verib. Qərbi Azərbaycanla bağlı aparılan işlərdə, tariximizin nəsildən-nəslə ötürülməsində gənclərin rolunun önəmli əhəmiyyət daşıdığını bildirib.
Daha sonra Qərbi Azərbaycan əsilli gənclərdən Ayxan Abbaszadə, Məhəmməd Mehdizadə, Mədinə Əzizova və başqaları çıxış edərək öz maraqlı fikir və təkliflərini bildiriblər.
Sonda Abşeron RİH könüllülərinin, eləcə də gənclərin sualları cavablandırılıb.