Bakıda küləyin qırdığı internet kabelləri hələ də düzəlməyib - ŞİKAYƏT

Bakıda küləyin qırdığı internet kabelləri hələ də düzəlməyib - ŞİKAYƏT

Bakı

5 gün öncə Bakıda müşahidə olunan qeyri-sabit və küləkli hava şəraiti bir çox ərazilərdə internet kabellərinin qırılması ilə nəticələnib.

Yurd.Media "ATV Xəbər"ə istinadən xəbər verir ki, güclü külək Xətai rayonunun Orxan İsmayılov küçəsində yerləşən yaşayış evlərində internetin kəsilməsinə səbəb olub. Nəticədə sakinlər haqqını ödədikləri internet xidmətindən istifadə edə bilmirlər.

Zərərçəkmiş vətəndaşlar bildirirlər ki, əsas çətinlik məsafədən iş və təhsillə bağlıdır. Onlar mobil internet vasitəsilə ehtiyaclarını ödəməyə çalışsalar da, bu, kifayət etmir.

Sakinlərin sözlərinə görə, güclü külək ağacları aşırıb və nəticədə internet və telefon kabelləri zədələnib. “İnternet kəsildi, sonra müraciət etdim, amma heç kim gəlmədi. Kabellər sallanıb, vəziyyət acınacaqlıdır”,- deyə sakinlərdən biri bildirib.

Vətəndaşlar aidiyyəti qurumlardan problemin həllinə adekvat və operativ münasibət gözləsələr də, indiyədək heç bir tədbir görülməyib. Bu səbəbdən bir çox sakin hələ də internetsiz qalıb.

“Aztelekom” və “Baktelekom” Məhdud Məsuliyyətli Cəmiyyətlərindən Yurd.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyri-iş günü olduğu üçün problemin növbəti həftə həll olunacaq.