Ödənişlərdə yubanmaları olanların adları qara siyahıya DÜŞMƏYƏCƏK - DƏQİQ İZAH

Ödənişlərdə yubanmaları olanların adları "qara siyahı"ya DÜŞMƏYƏCƏK - DƏQİQ İZAH

Bakı

Azərbaycanda nisyə satışla məşğul olan sahibkarlar kredit bürosuna məlumat vermək öhdəliyindən azad edilib. Prezident İlham Əliyev "Kredit büroları haqqında" qanuna bununla bağlı edilən dəyişiklikləri təsdiq edib.

Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər, əgər təqvim ili ərzində nisyə satış dövriyyələri 100 000 manatı keçərsə belə, artıq kredit bürolarına məlumat təqdim etmək öhdəliyindən azad ediliblər.

Yurd.Media xəbər verir ki, deputat Vüqar Bayramov yeni dəyişikliyi şərh edərək bildirib ki, əvvəllər bu kateqoriyaya aid sahibkarlar müştərilərinə dair kredit tarixçələrini fəaliyyət göstərən ən azı bir kredit bürosuna təqdim etməyə borclu idilər.

Deputat qeyd edib ki, adətən kredit tarixçəsinə aid olan məlumatların təqdim olunması inzibati proseduralar, zaman və eləcə də xərc tələb edirdi. Digər tərəfdən bu öhdəliklərə əməl edilməsinə nəzarət də heç də asan deyildi və məsuliyyətə cəlb etmək də mürəkkəb mexanizm idi.

"Yeni dəyişiklik bir tərəfdən şirkətlər və vətəndaşlar üçün qaydaların asanlaşmasına və onların kredit tarixçələrinin bu tip əməliyyatlar səbəbindən pisləşməsinin qarşısını alacaq. Digər tərəfdən, yeni qaydalar vətəndaşlarımız üçün bu sahədə inzibati proseduraları keçməsi zərurəri aradan qaldırıldığından vəsaitə qənaət etməsinə və onların kreditlər üzrə “qara siyahıya” bu səbəbdən düşməsinin qarşısının almasına gətirib çıxaracaq. Gözlənilir ki, bu həmçinin bu sahədə aktivliyin artmasına və alqı-satqı döriyyəsinin genişlənməsinə imkan yaradacaq",- deyə V.Bayramov bildirib.