Neftçalanın Astanlı kəndində “Erkən nikah və qohum evliliklərinin mənfi nəticələri” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Yurd.Media xəbər verir ki, Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın təşkilatçılığı və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun dəstəyi ilə Neftçala rayonu A.Cəfərov adına Astanlı kənd tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul əməkdaşları, Astanlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru, müəllimlər, tibb işçiləri, psixoloqlar, məktəblilər iştirak ediblər.
Çıxışçılar tərəfindən müasir dövrün ən ciddi sosial problemlərindən olan erkən nikahlar və qohum nikahların fəsadları geniş müstəvidə təhlil edilib, iştirakçılara bu halların yaratdığı mənfi nəticələr barədə ətraflı məlumat verilib.
Eyni zamanda erkən nikahların Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olması, bu sahədə nəzərdə tutulan məsuliyyət tədbirləri, erkən yaşda qurulan ailələrdə yaranan psixoloji travmalar, təhsildən yayınma halları və sosial adaptasiya problemləri, qohum nikahları nəticəsində yaranan genetik risklər, irsi xəstəliklərin (xüsusilə Talassemiya və Hemofiliya) ötürülmə ehtimalı və nəsil sağlamlığına dəyən zərərlər barədə geniş məlumat verilib.
Qeyd edək ki, tədbir qarşılıqlı müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub.