Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidməti “Real-AMM" Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) cərimə yazıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Real-AMM” MMC-nin icraçı direktoru Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozub və əmək müqaviləsi bağlamayaraq bir neçə işçini Ağdərə rayonunun Həsənriz kəndi ərazisində aparılan tikinti və bərpa işlərinə usta, fəhlə kimi işlərin görülməsinə cəlb edib.
MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilib və 4 min manat cərimə edilib.
Bu qərardan MMC tərəfindən apellyasiya şikayəti verilib. Şikayətdə qeyd olunub ki, əmək müqaviləsi olmadan işə cəlb olunduğu iddia olunan şəxslərlə bağlı Kəlbəcər Rayon Prokurorluğundan da müraciət edilib. Amma həmin müraciətin araşdırması zamanı həmin şəxslərin şirkətin işçiləri olmadığı müəyyən edilib.
Şikayətçi şirkət rəhbərliyi nazirliyin qərarının ləğv edilməsi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib. Məhkəmə şirkətin iddiasını təmin edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin inzibati tənbeh vermə haqqında qərarı ləğv edilib və başlanmış inzibati iş üzrə icraata xitam verilib.