SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Müəllimlərin işə qəbulunda ünvan PROBLEMİ: Ekspertlər nə deyir?

Müəllimlərin işə qəbulunda ünvan PROBLEMİ: Ekspertlər nə deyir?

Son illər müəllimlərin işə qəbul prosesi imtahan nəticələrinə əsaslanaraq həyata keçirilir. Lakin bəzi müəllimlər, topladıqları bal sayəsində işə qəbul hüququ qazansalar da, yaşadıqları ünvana yaxın məktəblərdə vakant yer tapa bilmirlər.

Yurd.Media xəbər verir ki, bu səbəbdən müəllimlər uzaq məsafədə yerləşən məktəblərdə işləməyə məcbur qalırlar. Gündəlik gedib-gəlmək isə onların dərs prosesinə təsirsiz ötüşmür.

Məsələ ilə bağlı təhsil eksperti İlkin Əfəndi İTV-yə müsahibəsində bildirib ki, əgər müəllim hər gün uzaq məsafəyə gedib-gəlirsə, bu fiziki yorğunluğa səbəb ola bilər və nəticədə dərsin keyfiyyətinə təsir edə bilər:

"Əgər müəllim yeni təyin olunduğu yerdə kirayə yaşayır və həmin ərazidə yaşamağa üstünlük verirsə, bu, artıq dərsin keyfiyyətinə ciddi təsir göstərmir. Hətta bəzi hallarda bölgələrdə çalışan müəllimlərin nəticələri yüksək olur və bu onların davamlı olaraq həmin məktəbdə işləməsi ilə bağlıdır."

Problemin həlli istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən addımlar atılır. Bu ilin aprel ayında keçirilən "Müəllimlərin iş yerinin dəyişdirilməsi" müsabiqəsi də məhz bu məqsədə xidmət edir. Vakansiya seçimi mərhələsi artıq yekunlaşıb. Elektron yerləşdirmə nəticəsində 16 nəfəri şəhid ailəsi üzvü olmaqla yüzlərlə müəllim iş yerini dəyişə bilib.

Təhsil İnstitutunun şöbə müdiri Muxtar Hacıyev isə bildirib ki, müsabiqəyə qoşulan müəllimlər üçün əsas şərtlərdən biri də sonuncu iş yerində ən azı 3 il fasiləsiz işləməkdir:

"Prosesə cəlb olunan müəllimlərin əmsalı da nəzərə alınıb. Məsələn, şəhid ailəsi üzvlərinə və ya həvəsləndirmə tədbirləri tətbiq olunan ərazilərdə çalışan müəllimlərə 1.5 əmsal əlavə olunur. Hazırda sənədlərin yoxlanılması mərhələsi gedir və şəxsi kabinetlər vasitəsilə müəllimlərə məlumat veriləcək."

Qeyd edək ki, növbəti mərhələdə sənədlərin yoxlanılması davam edir və iş yerini dəyişmək istəyən müəllimlər prosesin nəticələrini şəxsi kabinetlərindən izləyə biləcəklər.