Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Samid Həmidov küçəsində yerləşən “Cənub qapısı” yaşayış kompleksinin sakinləri 6–7 ildir yaşadıqları mənzillərə çıxarış ala bilmədiklərindən şikayətçidirlər.
Yurd.Media xəbər verir ki, dəfələrlə MTK-ya müraciət olunmasına baxmayaraq, yalnız vədlər verilib, amma nəticə əldə edilməyib. Sakinlər bildirirlər ki, öz evlərində yaşasalar da, rəsmi çıxarış olmadığı üçün başqa ünvanlarda qeydiyyata düşmək məcburiyyətində qalırlar.
Kompleksin sədr müavini Elsevər Heydərov “Xəzər Xəbər”ə bildirib ki, kompleksdə 16 bina yerləşir, onlardan 12-sində çıxarış problemi yoxdur. Digər binalarla bağlı isə sənədləşmədə müəyyən çətinliklər yaşanıb:
“Üç ildir MTK-da işləyirəm, kupçalara görə sənədləşmədə problemlər olub. Hazırda sənədləri yenidən Bakı Şəhər İcra Hakimiyyətinə təqdim etmişik, yoxlama aparılır. Çıxarışların verilməsi ilə bağlı maneə yoxdur. Əks halda Azərişıq, Azərsu və Azərqaz sakinlər üçün sayğac quraşdırmazdı”.
Heydərov həmçinin əlavə edib ki, əmlak məsələləri üzrə dövlət xidmətinə sənədlərin təqdim olunması prosesi davam edir və yaxın zamanda sakinlər çıxarışlarını əldə edə biləcəklər.