SÜJET
Kürdəmir Suvarma Sistemləri İdarəsində aparılan islahatlar nəticəsində 159 nəfər işdən azad olunub.
Yurd.Media xəbər verir ki, işdən çıxarılan keçmiş əməkdaşlar bu qərarın ədalətsiz və əsassız olduğunu bildirirlər. Onların sözlərinə görə, ixtisar adı ilə həyata keçirilən bu prosesdə peşəkar və uzun illər təcrübəsi olan mütəxəssislər işlərindən məhrum ediliblər.
1992-ci ildən həmin idarədə mühəndis vəzifəsində çalışan şikayətçilərdən biri "Real TV"-yə deyib ki, ixtisar adı ilə işdən azad olunmasına baxmayaraq, onun işlədiyi mühəndis-texnik ştatı ləğv edilməyib. “Mənim yerimə bu sahə ilə əlaqəsi olmayan bir şəxs təyin olunub. Halbuki mən illərlə bu peşədə çalışmışam, daim rəhbərlikdən təşəkkür almışam”, – deyə o bildirib.
Digər bir keçmiş işçi isə qeyd edib ki, “Bizim yerimizə ümumilikdə 56 nəfər yeni işçi götürülüb. Onların əksəriyyəti bu sahədə ixtisaslaşmayıb. Bizə isə səkkiz aydır sadəcə vədlər verilir”.
Keçmiş əməkdaşlar bildiriblər ki, işdən çıxarıldıqları gündən bəri nə ixtisar səbəbi barədə aydın cavab ala biliblər, nə də başqa işlə təmin olunublar. “İşsiz qalmışıq, dolanışıq çətindir. Bəzilərimizin ailə üzvləri yoxdur, tək yaşayırıq və bu, həm mənəvi, həm də maddi cəhətdən bizi ağır vəziyyətə salıb”, – deyə şikayətçilərdən biri bildirib.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə əlaqə saxlanılıb. Qurumdan verilən açıqlamada bildirilib ki, idarəetmə sistemlərinin təkmilləşdirilməsi, əmək resurslarından səmərəli istifadə və strukturun optimallaşdırılması məqsədi ilə 13 avqust 2024-cü il tarixindən etibarən Kürdəmir Suvarma Sistemləri İdarəsində yeni ştat cədvəli qüvvəyə minib. Bu çərçivədə bəzi şöbələr birləşdirilib, yeni bölmələr yaradılıb və ümumilikdə 159 ştat vahidi ixtisar olunub. İxtisarlar həmkarlar ittifaqı komitəsinin razılığı və komissiyanın qərarı ilə həyata keçirilib. Agentlikdən o da bildirilib ki, işçilərə qanunvericiliyə uyğun olaraq bildiriş verilib.
İşdən çıxarılan şəxslər isə bu prosesin şəffafp aparılmadığını və onların haqsız yerə işsiz qaldığını deyərək, əvvəlki vəzifələrinə bərpa olunmalarını tələb edirlər.