SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
İnklüziv cəmiyyət – hər kəs üçün yaşana bilən bir dünya - RƏY

İnklüziv cəmiyyət – hər kəs üçün yaşana bilən bir dünya - RƏY

  • 12 iyul 2025, 08:48

Təsəvvür edin, bir cəmiyyət var ki, orada heç kim kənarda deyil. Fiziki məhdudiyyətlər, ruhi fərqliliklər, sosial status, din, dil və ya etnik kimlik – heç biri bir insanın cəmiyyətin tamhüquqlu üzvü olmasına mane olmur.

Bu, sadəcə bir arzu deyil. Bu, inklüziv cəmiyyətin mahiyyətidir. Belə bir cəmiyyət – empatiyanın, mərhəmətin, ədalətin yaşadığı bir yerdir.

İnklüziv cəmiyyət necə olmalıdır?

– İnsanlar arasında ayrı-seçkilik olmamalıdır.

– Qanunlar hər kəsin hüququnu eyni qorumalıdır.

– Xüsusi ehtiyacı olan uşaqlar da digərləri ilə birgə oxuma imkanı əldə etməlidirlər.

– Müəllimlər bu uşaqlarla işləmək üçün hazır və dəstəklənmiş olmalıdır.

– İş yerlərində bərabərlik təmin edilməli, heç kim fiziki və ya psixoloji fərqliliyinə görə kənarlaşdırılmamalıdır.

– Nəqliyyat, səhiyyə və digər ictimai xidmətlər hər kəs üçün əlçatan olmalıdır.

– Azlıqda olan qrupların səsi eşidilməli, onlar qərarların qəbuluna qatılmalıdır.

– İnsanlar fərqli olduqlarına görə deyil, var olduqlarına görə qiymətləndirilməlidirlər.

Belə bir cəmiyyət üçün ilk növbədə düşüncə tərzi dəyişməlidir. Bunu isə media, məktəblər, ailə və ictimaiyyət birlikdə etməlidir.

İnklüzivlik təhsildən başlayır

2009-cu ildən Azərbaycan BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına qoşulub. Bu sənəd əlilliyi olan şəxslərin ümumi təhsil sisteminə tam şəkildə daxil edilməsini tələb edir.

2023-cü ilin məlumatlarına əsasən ölkəmizdə 488 774 nəfər əlilliyi olan insan yaşayır. Bu, əhalinin 4,8%-ni təşkil edir. Onlardan 46 654 nəfəri 18 yaşa qədər olan uşaqlardır.

UNICEF-in hesabatına görə 60 000-ə yaxın əlilliyi olan uşaq dövlət qeydiyyatındadır. Amma onlardan sadəcə 12 000-i təhsilə cəlb olunub. Yəni on minlərlə uşaq hələ də məktəbdən uzaqdır.

Bəs bu uşaqlar niyə təhsildən kənarda qalır?

– Məktəblərdə pandus, lift və xüsusi sinif avadanlıqları çatışmır.

– Müəllimlər bu uşaqlarla işləməyə hazır deyillər.

– Psixoloq, loqoped və digər dəstək heyəti azdır.

– Valideynlər bəzən utanır, bəzən qorxur – çünki cəmiyyət hələ də fərqliliyi qəbul etməkdə çətinlik çəkir.

– Bu uşaqlar üçün fərdi təhsil proqramları yoxdur.

– Nəqliyyat sistemində əlçatanlıq problemi var.

Biz elə bir cəmiyyət yaratmalıyıq ki, heç kim “mən buraya aid deyiləm” deməsin. Hər bir insan – istər sağlam, istər məhdudiyyətli – cəmiyyətin dəyərli üzvü olduğunu hiss etməlidir.

Fərqlilik qüsur deyil. Fərqlilik həyatın rəngidir. Əgər biz bu rəngləri qəbul etsək, cəmiyyət daha gözəl, daha insani və daha ədalətli olar.

İnklüziv cəmiyyət bir dövlət proqramı deyil, bu – bir ürək proqramıdır. Sevgi ilə, anlayışla, birliklə qurulur. Bu yolda hər birimizin rolu var.

Gültəkin Salamova – ADA Universiteti, inklüziv təhsil üzrə mütəxəssis.

Prime Leasing