Azad olunmuş kənlərdə uzun illər sonra bərpa olunan təhsil ocaqlarında ilk dəfə Yeni İl tədbirləri keçirilir.
Yurd.Media xəbər verir ki, Cəbrayılın Horovlu kənd tam orta məktəbində də 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. Uzun illərdən sonra doğma yurdda təşkil olunan bu bayram Horovlunun yenidən dirçələn həyatının, sakinlərin, xüsusilə də balaca məktəblilərin sevincinin bariz nümunəsi olub.
Tədbirdə məktəbin müəllim və şagird kollektivi, şəhid ailə üzvləri və valideynlər iştirak ediblər. Əvvəlcə şəhidlərin xatirəsi sükutla anılıb və Dövlət Himni səsləndirilib.
Çıxış edənlər şagirdləri və valideynləri bayram münasibətilə təbrik edib, Horovlunun sürətlə dirçəldiyini, təhsilin yenidən fəaliyyətə başlamasının kəndə həyat verdiyini vurğulayıblar. Qeyd olunub ki, bu cür tədbirlər uşaqlarda Vətənə bağlılıq hissinin formalaşmasında, yurda dönüş sevincinin yaşadılmasında mühüm rol oynayır. Yeni ilin gəlişi Horovlunun balaca sakinləri üçün xüsusi əhəmiyyət daşıyıb. Çünki bu bayram illər sonra öz doğma yurdunda, azad və abadlaşan Horovluda keçirilən ilk Yeni il tədbirlərindən biri olub.
Bayram proqramında şagirdlər tərəfindən Yeni ilə həsr olunmuş şeirlər səsləndirilib, maraqlı səhnəciklər göstərilib, rəqs və musiqi nömrələri nümayiş etdirilib. Şaxta baba və Qar qızın tədbirdə iştirakı uşaqların sevincini daha da artırıb, onların üzündə təbəssüm yaradıb. Yenidən qurulan Horovlunun balaca sakinləri üçün təşkil olunan bu bayram tədbiri səmimi, sevincli və yaddaqalan olub.