Paytaxtdan Rusiyaya yola düşən yük avtomobilinin sürücüsü qeyri-adi vəziyyətlə qarşılaşıb. Belə ki, yükün çəkisi normadan artıq göstərildiyi üçün sürücü 600 manat məbləğində cərimələnib. Məsələ aidiyyəti qurumlara çatdırıldıqdan sonra problem araşdırılıb və nəhayət ki, həllini tapıb.
Yurd.Media xəbər verir ki, yükdaşıma ilə məşğul olan sürücü Pərviz Ağayev “ATV”yə bildirib ki, hadisə yük avtomobilinin çəkisinin elektron tərəzidə yoxlanılması zamanı baş verib. Sürücü iddia edir ki, avtomobil yüklə birlikdə 37 ton olub, lakin elektron tərəzi bu çəkini 42 ton kimi qeydə alıb və nəticədə 600 manatlıq cərimə yazılıb.
“Bizim ünvanımıza 600 manat cərimə göndərilib. Cərimənin üzərinə hər günə görə faiz də hesablanır. Bizim qanuni sənədlərimiz var və yükün çəkisi 37 tondur. Lazımi orqanlara da müraciət etmişik, amma heç bir nəticə ala bilməmişik”,-deyə sürücü bildirib.
O, əlavə edib ki, paytaxtdan çıxarkən və gömrük yoxlanışı zamanı da yükün çəkisi 37 ton kimi sənədləşdirilib:
“Gömrük maksimum 39-40 tondan yuxarı yükü ölkə xaricinə çıxarmağa icazə vermir. Necə ola bilər ki, bizim elektron tərəzi 42 tonla çəkilsin?”
Şikayətlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət edilib. Aidiyyəti qurumlar məsələni araşdırmağa başlayıblar.
Bir müddət sonra sürücü bildirdi ki, problem həll olunub, cərimə ləğv edilib və dəymiş ziyan ödənilib.