Orta aylıq pensiya ötən il daha 9 faiz artaraq 543 manata, o cümlədən yaşa görə orta aylıq pensiya 578 manata çatıb. Pensiyalardakı artım dinamikası bu il də davam edəcək.
Yurd.Media xəbər verir ki, bunu DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyev fondun 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ötən il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri əvvəlki ilə nisbətən 9 faiz və ya 629 milyon manat artaraq 7, 5 milyard manat təşkil edib.
Z.Mirzəyev qeyd edib ki, ötən il ölkəmizdə növbəti, 2018-ci ildən isə beşinci sosial islahat zərfi reallaşdırılıb. Üç milyon vətəndaşı əhatə edən və illik əlavə olaraq 1,4 milyard manat vəsaitin ayrıldığı həmin islahat zərfi çərçivəsində ötən il əməkhaqları ilə yanaşı, pensiya, müavinət və təqaüdlərin də artırılması təmin edilib.
"Keçən ilin əvvəlindən pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb və 1,1 milyon pensiyaçını əhatə edən həmin artımlar üçün illik əsasda 520 milyon manat vəsait ayrılıb. Həmçinin fərdi şəxsi hesablardakı pensiya kapitalları 2,2 faiz indeksləşdirilərək artırılıb. Ötən il fevralın 1-dən minimum pensiya 14,3 faiz artırılaraq 280 manatdan 320 manata çatdırılıb", - deyə Z.Mirzəyev qeyd edib.