SÜJET
Bakının Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsindəki beşmərtəbəli binanın sakinləri yaşadıqları binanın dam örtüyü olmamasından şikayətçidirlər.
Yurd.Media xəbər verir ki, sakinlər "Xəzər Xəbərə" bildiriblər ki, evin tavanları uçur, əllərindən isə heç nə gəlmir.
Məsələ ilə bağlı Xəzər rayon icra hakimiyyətindən verilən məlumata görə, sözügedən yaşayış binası 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Bununla əlaqədar olaraq, müvafiq təmir işlərinin aparılması ilə bağlı həmin quruma müraciət ünvanlanıb.
1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin baş mühəndisi Emin Hüseynov isə qeyd edib ki, binanın bu vəziyyətə düşməsinə səbəb vaxtilə orada baş verən yanğın olub. Baş mühəndisin sözlərinə görə, sözügedən binanın sakinləri yastı dam örtüyü deyil, şifer dam örtüyü istədiklərinə görə problemin həlli gecikir. Çünki şifer örtüyün vurulması üçün aidiyyatı qurumlardan rəylər alınmaılıdır.
"Mənzilinə su daman sakinlər isə qurum tərəfindən materiallarla təmin edilir",- deyə əlavə edib.