Bakının Fəvvarələr Meydanı ərazisində ənənəvi “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkası təşkil olunub.
Yurd.Media xəbər verir ki, bu il “Bee Happy” konsepti ilə keçirilən yarmarka bahar motivli dekorasiyalar və tematik elementlərlə diqqət çəkir. Məkan xüsusi bəzədilərək şəhər sakinləri və paytaxt qonaqları üçün bayram atmosferi yaradılıb.
Ziyarətçilərin istifadəsinə ümumilikdə 20 kiçik və 49 böyük dekorativ ev, 3 restoran, müxtəlif konstruksiyalar, tematik guşələr, fotozonalar və oyun sahələri təqdim edilib. Burada qonaqlar milli və beynəlxalq mətbəx nümunələrindən dadmaq, şirniyyat və içkilərdən yararlanmaq, əl işləri və suvenirlər əldə etmək, eləcə də əyləncə proqramlarında iştirak etmək imkanı qazanırlar.
Yarmarka hər gün saat 11:00-dan 23:00-dək açıqdır və aprelin 13-dək davam edəcək.
Qeyd edək ki, yarmarka Nargis Fondunun təşkilatçılığı ilə keçirilir və xeyriyyə məqsədi daşıyır. Sponsor dəstəyi və yarmarka evlərinin icarəsindən əldə olunan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinə yönəldiləcək.