Azərişıq ASC-nin yeni quraşdırdığı "ağıllı" sayğac sistemləri vətəndaşlar üçün ciddi narahatlıq mənbəyinə çevrilib.
Yurd.Media xəbər verir ki, sosial mediada gündəmə gətirilən məsələ göstərir ki, son 6 ay ərzində şirkətin tətbiq etdiyi yeni texnologiya istehlakçılara problemlər yaşadıb.
Tamerlan Babazadə adlı istifadəçi qeyd edir ki, bu gün gecə saat 02:00-da balansı bitdikdən dərhal sonra MilliÖn vasitəsilə ödəniş etməsinə baxmayaraq, səhər saat 09:46-ya qədər - yəni təxminən 8 saat ərzində elektrik enerjisindən məhrum qalıb. Onun sözlərinə görə, bu hal 6 aydır hər ay yaşayır:
"Soyuducudakı ərzaq əriyir, işə getməli olanlar işıqsız qalır. Mənim pulum "Azərişıq" balansında ola-ola işığı yandırmamaq necə məsuliyyət anlayışına sığır?".
Problemin ən təəccüblü tərəfi odur ki, balans bitən kimi sistem avtomatik olaraq elektrik enerjisini kəsir, lakin balans artırıldıqdan sonra enerjinin bərpası saatlarla, bəzən hətta günlərlə çəkir. "Azərişıq" operatorları isə sadəcə "prosedur belədir, gözləməlisiniz" cavabı ilə kifayətlənirlər.