SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Məzunun diplomdan sonrakı imtahanı – TƏCRÜBƏ, ƏLAQƏ, YOXSA BİLİK?

Məzunun diplomdan sonrakı imtahanı – TƏCRÜBƏ, ƏLAQƏ, YOXSA BİLİK?

Təhsil həyatı başa çatır, diplom alınır, amma əsas sual elə bundan sonra başlayır: “İndi harada işləyəcəyəm?”.

Əldə edilən sənəd – diplom əmək bazarına açılan qapının açarına yox, şkafda illərlə toz içində qala bilən kağız parçasına çevrilir.

Diplomunun rəngindən, növündən, içərisində qeyd olunan ixtisasdan asılı olmayaraq, məzun əmək bazarına daxil olmaq üçün yenidən özünü sübut etməli olur. Vakansiya axtarır, CV göndərir, müsahibələrə gedir, cavab gözləyir. Çox vaxt isə cavab gəlmir. Çünki işəgötürən təcrübə tələb edir. Gəncin isə təcrübəsi yoxdur. Təcrübə qazanmaq üçün iş lazımdır, işə qəbul olunmaq üçün isə təcrübə. Amma bu qayda hamı üçün eyni cür işləmir. Bəzən “təcrübə” iş illəri ilə deyil, arxanda dayanan şəxsin nüfuzu, əlaqələri və maddi imkanlarının yaratdığı üstünlüklərlə ölçülür. Beləcə, real təcrübəsi olmayan biri “təcrübəli namizəd” kimi qəbul edilərkən, təhsilini yenicə başa vurmuş gənc təcrübəsiz olduğu üçün kənarda qalır. Nəticədə əmək bazarının ən absurd dairəsi başlayır. İşləmək üçün təcrübə, təcrübə qazanmaq üçün isə əvvəlcə işləmək lazımdır.

Sovet dövründə isə bu proses indikindən fərqli idi. Təhsil müəssisəsini bitirən məzunların işlə təmin olunması üçün dövlət tərəfindən təyinat sistemi tətbiq edilirdi. Ali məktəbi, texnikumu və ya peşə məktəbini bitirən gənc müəyyən edilmiş qaydada konkret müəssisə və ya təşkilata göndərilirdi. Başqa sözlə, məzun diplomunu aldıqdan sonra aylarla iş axtarmaq, CV-ni müəssisədən-müəssisəyə, təşkilatdan-təşkilata göndərmək, “sizə geri dönüş edəcəyik”, “vakansiya olduqda əlaqə saxlanılacaq” cavablarını gözləmək və işə qəbul üçün özünü kimlərinsə qarşısında dəfələrlə sübut etmək məcburiyyətində qalmırdı.

Bu sistemin müsbət tərəfi gənc mütəxəssisin əmək bazarına daxil olmasına müəyyən təminat yaratması idi. Dövlət həm kadr ehtiyacını planlaşdırır, həm də təhsil müəssisələrini bitirən mütəxəssislərin hansı sahələrdə və hansı bölgələrdə çalışacağını müəyyənləşdirirdi. Ancaq bu sistemin mənfi tərəfləri də vardı. Məzun gələcək iş yerini hər zaman sərbəst seçə bilmirdi. Dövlət tərəfindən verilən təyinat onun üçün müəyyən məcburiyyət yaradır, gəncin harada işləmək istəyi ilə dövlətin kadra ehtiyacı arasında ziddiyyət yarana bilirdi. Xüsusilə başqa şəhər və rayonlara təyinat alan şəxslər üçün bu, əlavə çətinliklər doğururdu.

Müasir dövrdə isə əmək münasibətlərinin prinsipləri dəyişib. Dövlətin məzuna konkret iş yeri təyin etdiyi ümumi mexanizm artıq mövcud deyil.

Belə olan halda sual yaranır: Sovet dövründə mövcud olmuş təyinat sistemini birbaşa tətbiq etmədən, məzunların işlə təmin olunmasına xidmət edən mexanizmlərini günümüzdə müasir əmək bazarının tələblərinə uyğunlaşdıraraq yenidən tətbiq etmək mümkündür?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın icraiyyə komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov Yurd.Media-ya bildirib ki, sovet dövründə mövcud olmuş təyinat sistemini indiki şəraitdə bütövlükdə bərpa etmək mümkün deyil. Lakin dövlət hesabına təhsil alan məzunların müəyyən büdcə təşkilatlarına istiqamətləndirilməsi üçün mexanizm yaratmaq olar:

“Sovet dövründə vahid xalq təsərrüfatı sistemi idi və müəssisələrin hamısı dövlətə məxsus idi. Ona görə də təyinat sistemi mövcud idi. İndi isə heç kimi, məsələn, pedaqoji universiteti bitirmiş şəxsi məcburi şəkildə Lerikdə, Gədəbəydə və ya başqa rayonda işləməyə göndərmək olmaz. İndi kommersiya qurumlarını məzunu məcburi şəkildə işə götürməyə vadar etmək mümkün deyil. Amma dövlət hesabına təhsil alan tələbələr üçün əvvəlcədən müəyyən şərtlər qoyula və onların təyinat üzrə işləməsi təmin edilə bilər. Bunun üçün müxtəlif mexanizmlər yaratmaq mümkündür”, – deyə ekspert qeyd edib.

hüquqşünas Sahib Məmmədovhüquqşünas Sahib Məmmədov

Nəticə olaraq diplom almaqla mübarizə bitmir. Əsl mübarizə ondan sonra başlayır. Gənc mütəxəssis illərlə oxuyur, imtahan verir, diplom alır, sonra isə əmək bazarında başqa bir imtahanla üz-üzə qalır: təcrübə, əlaqə, tanışlıq...Beləliklə, sual yenə də açıq qalır: əmək bazarında işə diplom sahib çıxır, yoxsa tanışlıq?

Çünki diplomu olmayanın qarşısında bir qapı bağlıdırsa, diplomu olanın qarşısında bəzən həmin qapının açarı da olmur.

Skat.az - Ev və Avtomobil elanları