Azərbaycanda həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılan şəxslərə icbari tibbi xidmətin göstərilməsi yaxşılaşdırılacaq.
Milli Məclisin deputatı Rəşad Mahmudov Yurd.Media-ya bildirib ki, bununla bağlı parlamentin Səhiyyə Komitəsinin bugünkü iclasında "Tibbi Sığorta Haqqında Qanun"a dəyişikliklər müzakirəyə çıxarılıb.
O bildirib ki, Ədliyyə nazirliyi tərkibində tibbi personal fəaliyyət göstərsə də müayinə, müalicə və cərrahiyə əməliyyatı aparmaq, tibbi texnoloji avadanlıqlarla işləmək imkanı məhdud olduğu hallar olub. Dəyişiklik başqa mərkəzlərdə dövlət hesabına və icbari tibbi sığorta ilə xidmətin göstərilməsini təmin edəcək.
Deputat qeyd edib ki, yeni layihə boşluqalarl aradan qaldıracaq:
"BMT və digər beynəlxalq təşkilatlarda insan hüquqlarının təminatı nöqteyi-nəzərindən azadlıqdan məhrum edilmiş şəxslərin tibbi xidmətdən istifadəsi hər hansı bir şəkildə məhdudlaşdırılmır. Azərbaycan da bundan irəli gələn məsələləri hüquqa müvafiq şəkildə həll edir".
Rəşad Mahmudovun fikrinə görə təkmilləşmənin ictimai əhəmiyyəti bundan ibarətdir ki, hər hansı xəstəlik dərhal aşkar olunaraq müalicə ediləcək, ictimai yoluxmanın da qarşısı alınmış olacaq:
"Düşünürəm ki, dövlət burada ictimai ədalət, səhiyyə və insan hüquqları prinsiplərinin universallığı şərtini qorumuş olur. Komitə olaraq layihəni dəstəkləməklə həm qanunvericiliyin təkmilləşdirilməsinə həm də səhiyyənin daha da optimallaşmasına töhfə verdik. Lazım gələrsə, gələcəkdə də icra mexanizmlərinin monitorinqi və müvafiq normativ aktların işlənməsi ilə layihəni daha da təkmilləşdirəcəyik".
Qanun layihəsi komitə iclasının yekununda plenar iclasa tövsiyə olunub.