SÜJET
Tarix kitablarında “mədəni irs” kimi qələmə verilən xəşiş, əslində min illərlə insan sağlamlığına və psixologiyasına zərər verən bir maddə kimi mövcud olub. Bəzi mənbələrdə onun qədim Misirdə, Hindistanda, və Mərkəzi Asiyada istifadə edildiyi deyilsə də, bu istifadələrin nəticələri heç bir zaman fəsadsız olmayıb. Xəşişin “mistik” adlandırılan təsiri, əslində asılılıq, fikir bulanıqlığı və sosial geriləmə ilə nəticələnib.
XIX əsrdə Avropaya səfər edən bəzi səyyahlar və yazarlar xəşişi "romantik" şəkildə təqdim ediblər. Halbuki, bu təbliğatın altında mədəniyyətə sirayət edən zehni boşalma, məsuliyyətsizlik və əsərlərdəki həddini aşan şüur oyunları dayanırdı. Parisdəki “Xəşişçilər Klubu” kimi qruplar cəmiyyətin bəlli bir kəsimini zəhərlədi və bu zərər illərlə görünməz şəkildə yayılmağa davam etdi.
Xəşiş 1960-cı illərdə hippi hərəkatı çərçivəsində "azadlıq simvolu" kimi təqdim olunsa da, nəticədə gənclərin daxili nizamı, psixi sağlamlığı və gələcək potensialı məhv edildi. Gənclər özləri belə anlamadan həyatlarına nəzarəti itirirdilər.
Bəzi dairələr CBD xəşişi (psixoaktiv olmayan kannabis qətranı) “təbii vasitə”, “rahatlaşdırıcı” kimi təqdim etsələr də, bu, təhlükənin zərif şəkildə qablaşdırılmasıdır. CBD tərkibli xəşiş də psixoloji asılılıq yarada bilər və beynin funksiyaların məhv edir.
Bağımlılıq riski – Kannabis tərkibli maddələrdə psixoloji asılılıq potensialı ən yüksək həddindədir. Dünya Səhiyyə Təşkilatının (WHO) məlumatına görə, kannabis istifadəçilərinin 9-10%-i asılılığa düçar olur. Bu faiz gənclərdə 17%-ə qədər yüksəlir.
Zehni zəifləmə – Uzunmüddətli istifadə yaddaş itkisi, diqqət dağınıqlığı, tənbəllik sidromu və apatik davranışlar yaradır. NIDA-nın (National Institute on Drug Abuse) 2023-cü il hesabatına əsasən, uzunmüddətli kannabis istifadəçilərində beyin qabığının incəlməsi müşahidə olunmuşdur.
Sosial izolyasiya – Xəşiş istifadəçiləri zamanla cəmiyyətdən, ailədən və öhdəliklərdən uzaqlaşırlar. 2024-cü ilin Avropa Narkotik Monitorinqi hesabatına əsasən, xəşiş istifadəçilərinin 38%-i işsiz qalır, 22%-i isə psixoloji yardıma ehtiyac duyur.
Həşişlə bağlı bəzİ faktları diqqətinizə çatdıraq:
1. Dünyada hər gün 200 min nəfər xəşiş və digər kannabis formalarını ilk dəfə sınaqdan keçirir. (UNODC 2023)
2. İsveçdə aparılan bir araşdırmaya görə, xəşiş istifadə edən gənclərin 17%-i 5 ildən sonra intihar riski ilə üz-üzə qalır.
3. Xəşişin qoxusu belə bəzi insanlarda psixoloji təsir yarada bilər.
4. ABŞ-da son 10 ildə CBD xəşiş satışları 700% artıb, amma onun uzunmüddətli sağlamlığa təsiri hələ də elmi şəkildə tam aydın deyil.
5. Kuba və Yaponiya kimi bəzi ölkələrdə xəşişin 0.1 qramı belə 15 il həbs cəzası ilə nəticələnə bilər.
İstər qədim zamanlarda, istər müasir dövrdə — xəşiş heç vaxt təhlükəsiz olmayıb. O, yalnız adını, qabını və formasını dəyişib. İndi "CBD" adı ilə “sakitləşdirici” kimi təqdim olunur. Amma arxasında asılılıq, zehni çöküş və sosial uçurum dayanır. Cəmiyyətin bu təhlükəni normal qəbul etməsi, gələcək nəsillərin psixoloji sağlamlığını riskə atmaq deməkdir.
Məhbubə Mehdiyeva - araşdırmaçı ekspert