Yevlax Regional Xəstəxanasının istifadəyə verilməsi regionda ağciyər xəstəliklərinin, xüsusilə vərəmin vaxtında aşkarlanması, effektiv müalicəsi və profilaktikasının gücləndirilməsi istiqamətində atılmış mühüm addımdır.
Yurd Media xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilmiş Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərən Yevlax Regional Xəstəxanasında həyata keçirilmiş əsaslı təmir və yenidənqurma işləri ilə yerində tanış olub.
Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərən Yevlax Regional Xəstəxanası 2 mərtəbədən ibarət olmaqla inzibati bölmə, şüa-diaqnostika, ambulator, anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsi və stasionar şöbələrdən ibarətdir.
Xəstəxana Yevlax və Mingəçevir şəhərləri, eləcə də Kürdəmir, Ucar, Ağdaş, Zərdab, Ağdam, Ağcabədi, Bərdə və Tərtər rayonları daxil olmaqla ümumilikdə 2 şəhər və 8 rayonun əhalisinə tibbi xidmət göstərir.
Xəstəxana Şüa-diaqnostika şöbəsi rəqəmsal rentgenoqrafiya, flüoroqrafiya, elektrokardioqrafiya (EKQ) və ultrasəs müayinə avadanlıqları ilə təchiz edilib.
Tənəffüs funksiyalarının qiymətləndirilməsi və diaqnostikası məqsədilə spirometriya otağı yaradılıb. Stasionar şöbədə xəstəxanadaxili infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə basilyar xəstələr üçün tək çarpayılı palatalar yaradılıb. 50 çarpayılıq stasionar şöbənin palataları müasir tələblərə uyğun şəkildə təchiz edilib. 5 çarpayılıq anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsi oksigen təchizatı, monitor kompleksləri, süni tənəffüs aparatları və digər müasir tibbi avadanlıqlarla təmin olunub.
Xəstəxana ümumilikdə ventilyasiya, isitmə və soyutma sistemləri ilə təchiz olunub.
Həmçinin aptek bölməsi pasiyentlərin dərman vasitələri ilə fasiləsiz təminatını həyata keçirir. Xəstələrin və əməkdaşların asudə vaxtının səmərəli təşkili məqsədilə kitabxana yaradılıb.