SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Xəzər Tibb Mərkəzində yaradılan xidmətlər təqdim olunub - FOTO

Xəzər Tibb Mərkəzində yaradılan xidmətlər təqdim olunub - FOTO

Bakı

Xəzər Tibb Mərkəzində yaradılan xidmətlər media nümayəndələrinə təqdim olunub.

Yurd.Media xəbər verir ki, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Xəzər Tibb Mərkəzinə təşkil edilən mediaturun məqsədi jurnalistlərə müəssisədə yaradılan infrastruktur, müasir tibbi imkanlar və icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərlə yerində tanış etmək olub.

Mediatur iştirakçılarını salamlayan TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib ki, bu, TƏBİB və Agentliyin cari il ərzində keçirdiyi dördüncü və sonuncu mediaturdur. O vurğulayıb ki, bu cür turlar jurnalistlərin tibb müəssisələrindəki şəraiti və yenilikləri yaxından izləməsinə və ictimaiyyətin dolğun məlumatlandırılmasına geniş imkan yaradır.

Z.Ədilovanın sözlərinə görə, TƏBİB informasiya açıqlığını prioritet elan edib və bu çərçivədə tabeli tibb müəssisələrinin rəsmi internet saytlarının hazırlanması sürətləndirilib:
“Cari il ərzində "Vahid Xəstəxana Saytı" layihəsi həyata keçirilib. Bu layihə üzrə TƏBİB-in tabeliyində olan 20 tibb müəssisəsinin rəsmi internet saytları hazırlanır. Artıq Mərkəzi Neftçilər Xəstəxanasının saytı istifadəyə hazırdır. Binəqədi, Xətai, Sumqayıt tibb mərkəzlərinin, eləcə də Quba və Lənkəran rayon mərkəzi xəstəxanalarının saytları üzərində işlər davam edir”.

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, icbari tibbi sığortanın tətbiqi Xəzər Tibb Mərkəzində tibbi xidmətlərin keyfiyyətini artırıb və infrastrukturun gücləndirilməsinə ciddi təkan verib:

“Son illər ərzində mərkəzin maddi-texniki bazası yenilənib, diaqnostika və müalicə imkanları genişləndirilib. Müasir tibbi avadanlıqlar – elektromiyoqrafiya, treadmil üzrə stres test, holter, qastroskopiya və digər cihazlar istifadəyə verilib. Bundan əlavə, 7/24 fəaliyyət göstərən 3-cü səviyyəli laboratoriya yaradılıb ki, bu da təcili və dəqiq diaqnostik xidmətlərin əlçatanlığını artırıb”.

TƏBİB-in Tibbi xidmətin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva müəssisədə yaradılan tibbi xidmətlər və gələcək layihələr barədə məlumat verib.

Xəzər Tibb Mərkəzinin direktoru Mübariz Ağayev isə bildirib ki, 2025-ci ilin yanvar-noyabr aylarında mərkəzə ümumilikdə 230 724 nəfər müraciət edib:
“Pasiyentlərə göstərilən tibbi xidmətlərin sayı artıb. İlk 11 ayda 230 724 müraciət əsasında 780 134 tibbi xidmət göstərilib. Bu müddətdə 5125 nəfər stasionar müalicə alıb, 2713 cərrahi prosedur icra edilib. Cərrahi xidmətlərin sayı və keyfiyyəti artırılmaqda davam edir”.

Mediatur çərçivəsində media nümayəndələri Poliklinika, Radiologiya, Laboratoriya və Təcili tibbi yardım şöbələrinin fəaliyyəti ilə tanış olublar. Jurnalistlər həmçinin müəssisədə bir sıra müayinələrdən keçiblər.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.      


Foto: Sadıq Əliverdibəyli

Prime Leasing
SPE Annual Caspian