Sosial media dövründə vaxt ən dəyərli resursa çevrilib. Buna görə də bir çox insan YouTube, TikTok və Instagram kimi platformalarda videoları 1.5x, hətta 2x sürətlə izləməyi vərdiş halına gətirib. Beləcə, daha çox məzmunu daha qısa müddətdə izlədiyimizi düşünürük. Amma elm başqa mənzərə göstərir.
Yurd.Media xəbər verir ki, Educational Psychology Review jurnalında dərc olunan və 24 müxtəlif tədqiqatı birləşdirən meta-analiz göstərib ki, sürətli izləmə hər zaman gözlənilən faydanı vermir. Əksinə beynin sürətlə gələn məlumatla mübarizəsi baş verir. Normal danışıq sürəti təxminən dəqiqədə 150 sözdür. Beyin bu tempi rahatlıqla emal edə bilir. Ancaq sürət 2x-ə çatanda bu rəqəm 300 sözdən yuxarı qalxır. İşlək yaddaş (qısa müddətli yaddaş) bu qədər sürətli informasiya axınını tam emal edə bilmir, nəticədə məlumatın böyük bir qismi uzunmüddətli yaddaşa köçmədən itir. Araşdırma göstərir ki, 1.5x sürətdə izləmə nəticələri demək olar dəyişməsə də, 2x sürət yaddaşda qalma səviyyəsini əhəmiyyətli dərəcədə aşağı salır. Məsələn, meta-analizdə iştirak edən tələbələrin normal sürətdə izlədikdə 75% sualı doğru cavablandırdıqları testlərdə, 2.5x sürətdə izləyənlərdə bu göstərici 17 faiz bəndi azalıb.
Təbii ki, burada yaş faktoru da önəmlidir. Eyni araşdırmada yaş qrupları üzrə fərqlər də izlənib. 18–35 yaş arası iştirakçılar sürətli izləməyə qismən uyğunlaşa bilsələr də, 60 yaş üzərində olanlarda hətta 1.5x sürət belə anlama göstəricilərini 30%-ə qədər azaldır. Bu isə göstərir ki, yaş artdıqca beynin kognitiv yüklənməyə dözümlülüyü zəifləyir.
Sürətin motivasiyaya təsiri də mövcuddur. Beləki, elm adamları həmçinin maraqlı bir məqamı vurğulayırlar: videoları sürətlə izləmək izləmə zövqünü də azaldır. Yəni, informasiyanı daha az xatırlamaqla yanaşı, prosesdən həzz almaq da çətinləşir. Bu isə uzunmüddətli motivasiyanı zəiflədə bilər. Elmi nəticələr göstərir ki, 1.25x və ya 1.5x sürət müəyyən hallarda faydalı ola bilər, xüsusən də artıq tanış olduğunuz mövzuları təkrar izləyərkən. Amma 2x sürət yeni və vacib mövzular üçün yararlı deyil. Əksinə, beyin məlumatı “həzm etməyə” vaxt tapmadığından öyrənmə prosesi zəifləyir.
Ona görə də, yeni mövzu öyrənərkən normal sürəti seçmək daha faydalıdır. Çünki bəzən daha yavaş izləmək, daha tez öyrənmək deməkdir.