Uşaqlar bizim gələcəyimizdir. Onların sağlam böyüməsi, keyfiyyətli təhsil alması və təhlükəsiz mühitdə yaşaması isə böyüklərin əsas məsuliyyətidir.
Uşaq nevroloqu Suad Axundova Yurd.Media-ya bildirib ki, müasir dövrdə uşaqlar üçün əsas təhlükələrdən biri texnologiyadan erkən yaşda və nəzarətsiz istifadədir:
“Bu gün texnologiya həyatımızın bir hissəsidir. Lakin körpə yaşda uşağın telefon və planşetlə uzun müddət vaxt keçirməsi onun inkişafına mənfi təsir göstərə bilər. Uşağın nevroloji sisteminin sağlam formalaşması üçün o, ətraf mühiti canlı şəkildə tanımalıdır — görməli, toxunmalı, qoxunu hiss etməli, səsləri ayırd etməlidir. Təəssüf ki, bəzi valideynlər uşağın sakit qalması üçün ona erkən yaşdan telefon verir. Bu isə gələcəkdə sosiallaşma və ünsiyyət bacarıqlarına təsir edə bilər”, — deyə Suad Axundova bildirib.
Nevroloq qeyd edib ki, valideynlər körpənin inkişafını ilk aylardan diqqətlə izləməli və bu sahədə məlumatlı olmalıdır.
Uşaq nevroloqu Suad AxundovaOnun sözlərinə görə, uşağın həyatının ilk bir ili gələcək inkişafı üçün çox vacib mərhələdir:
“Körpə anası ilə göz kontaktı qurmalı, səsə reaksiya verməli, ətrafına maraq göstərməlidir. Müxtəlif oyuncaqlar da uşağın inkişafında mühüm rol oynayır. Uşaq oyun vasitəsilə dünyanı tanıyır və öyrənir.”
Suad Axundova bildirib ki, son illər uşaqlarda inkişaf və davranış pozuntularının artması müşahidə olunur. Həkimin fikrincə, ekran qarşısında həddindən artıq vaxt keçirmək bunun əsas səbəblərindən biridir:
“Uşağı uzun müddət televizor qarşısında əyləşdirib cizgi filmi izlətmək düzgün yanaşma deyil. Daha faydalısı odur ki, valideyn uşağı ilə birlikdə oynasın, ona oyuncaqlardan necə istifadə etməyi göstərsin. Uşaq bağçası da uşağın sosial inkişafında mühüm rol oynayır. Orada uşaq kollektivə uyğunlaşır, ünsiyyət qurmağı öyrənir və gələcəkdə yaşıdları ilə sağlam münasibət formalaşdırır”.
Mütəxəssis əlavə edib ki, təmiz havada gəzinti, düzgün yuxu rejimi və sağlam qidalanma da uşağın fiziki və psixoloji inkişafı üçün vacibdir:
“Uşağın sağlam və xoşbəxt böyüməsində ailədaxili münasibətlər də xüsusi rol oynayır. Valideynlər övladları ilə daha çox vaxt keçirməli, onlarla oynamalı, birlikdə gəzintiyə çıxmalıdır. Telefonu bir kənara qoyub uşağa ayrılan zaman onun inkişafına ən böyük töhfədir. Sağlam, xoşbəxt və özünəinamlı uşaqlar məhz belə böyüyür”, — deyə Suad Axundova vurğulayıb.