"İmplant yerləşdirilməsindən 10 il keçdikdən sonra, hətta qadın heç bir şikayət hiss etməsə belə, plastik cərrahın müayinəsindən keçmək mütləqdir..."
Yurd.Media xəbər verir ki, bunu ABŞ-ın Dərman və Məhsullara Nəzarət üzrə Federal Agentliyi (FDA) bəyan edib.
FDA bildirdiyinə əsasən, ABŞ-da 400 və bütün dünyada 1227 halda BİA-ALCL tipli limfomanın (döş implantları ilə əlaqəli anaplastik iri hüceyrəli limfoma) inkişafı qeydə alınıb.
Bu növ şiş haqqında bir neçə il əvvəl məlumat verilmişdi. Hazırda bu siyahıya İsraildə eyni diaqnoz qoyulmuş 8 xəstə də əlavə olunub.
İsrailin Plastik Cərrahlar Assosiasiyasının sədri doktor Meir Koen bildirib:
"Biz ictimaiyyəti mövcud risklər barədə maarifləndirməli və qadınları sinədəki hər hansı dəyişikliyə qarşı diqqətli olmağa səsləməliyik. Döşün müntəzəm qaydada müayinəsi həyata keçirilməlidir. Səhiyyə Nazirliyinin və Xərçənglə Mübarizə Assosiasiyasının tövsiyələrinə uyğun olaraq, implant qoyulmasından 10 il sonra, qadın özünü tamamilə sağlam hiss etsə belə, plastik cərrahın müayinəsindən mütləq keçməlidir."