SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
“Səsiniz olaq”: eşitmə məhdudiyyətli şəxslərə ünsiyyət körpüsü - REPORTAJ

“Səsiniz olaq”: eşitmə məhdudiyyətli şəxslərə ünsiyyət körpüsü - REPORTAJ

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada 460 milyon insan eşitmə məhdudiyyətindən əziyyət çəkir. Azərbaycanda da bu kateqoriyadan olan vətəndaşların sayı az deyil. Onların həyat keyfiyyətini yüksəltmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni layihəyə start verib – “Səsiniz olaq” onlayn surdotərcümə xidməti.

Layihə barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) Reabilitasiya, Keyfiyyətə Nəzarət və Xidmətin təşkili departamentinin Sosial-psixoloji reabilitasiya xidmətləri üzrə koordinatoru Pərvin Süleymanova Yurd.Media-ya bildirib ki, xidmət 28 iyul 2025-ci ildən fəaliyyət göstərir:

“Layihə eşitmə məhdudiyyətli şəxslərin cəmiyyətlə ünsiyyət imkanlarını genişləndirmək və gündəlik həyatlarında informasiya əlçatanlığını təmin etmək ehtiyacından irəli gəlib.”

Onun bildirdiyinə görə, əsas məqsəd eşitmə və nitq imkanları məhdud şəxslərin ünsiyyət maneələrini aradan qaldırmaq, onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir:

“Eşitmə və nitq məhdudiyyətli şəxs video-görüntülü zəng və ya onlayn yazışma (çat) vasitəsilə surdo-tərcümə xidmətinə 055-213-1997 nömrəsi vasitəsilə müraciət edir. İşarət dilini bilən operator müraciəti qəbul edir və üçüncü tərəflə əlaqələndirmə yaradaraq sinxron tərcümə təmin edir. Beləliklə, dövlət qurumları, özəl sektor və digər təşkilatlarla əlaqə quraraq xidmət "virtual körpü" rolunu oynayır".

Sosial-psixoloji reabilitasiya xidmətləri üzrə koordinator Pərvin SüleymanovaSosial-psixoloji reabilitasiya xidmətləri üzrə koordinator Pərvin Süleymanova

Xarici təcrübə və yerli model

Dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ, Kanada, Böyük Britaniya və Macarıstanda onlayn surdotərcümə xidmətləri uğurla tətbiq olunur.

“DTSERA beynəlxalq təcrübəni araşdıraraq "Səsiniz olaq" surdotərcümə xidmətini yaratmışdır. Məqsədimiz xarici ölkələrdə uğurla tətbiq edilən bu modelin ən yaxşı cəhətlərini yerli şərtlərə uyğunlaşdırmaqdır”, – deyə Süleymanova vurğulayıb.

Xidmət fəaliyyətə başladığı gündən etibarən artıq 70-ə yaxın vətəndaş müraciəti qeydə alınıb.

“Gündəlik zənglərin sayı dəyişir, amma bu, xidmətə marağın sürətlə artdığını göstərir”, – deyə layihə rəhbəri əlavə edib.


Çətinliklər və həssas yanaşma

Eşitmə və danışma məhdudiyyətli şəxslərlə işləməyin müəyyən çətinlikləri də var:

“Əsas problem işarət dilini bilmədiyimiz üçün birbaşa ünsiyyətin mümkün olmamasıdır. Bu isə həm bizdə, həm də həmin şəxslərdə gərginlik yarada bilir. "Səsiniz olaq" məhz bu çətinlikləri aradan qaldırmaq üçün yaradılıb”, – Pərvin Süleymanova bildirib.


Xidmətin əməkdaşı Rəhilə Babayeva isə əlavə edib ki, iş yalnız tərcümə ilə bitmir:

"Əsas onları əvvəlcə anlamaq, sonra isə istəklərini üçüncü şəxsə düzgün çatdırmaqdır”.

Xidmətin əməkdaşı Rəhilə BabayevaXidmətin əməkdaşı Rəhilə Babayeva

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə başqa layihələr də həyata keçirir. İlkin əlilliyi təyin edilən şəxslərin reabilitasiyası, onkoloji və nadir xəstəlik diaqnozu olan şəxslərə sosial-psixoloji dəstək, müharibə iştirakçıları və şəhid ailələri üçün xüsusi proqramlar mövcuddur.

Bundan əlavə, reabilitasiya mərkəzlərində mədəni tədbirlər, icma fəaliyyəti, ippoterapiya, yoqa və “dance ability” kimi alternativ xidmətlər göstərilir.

Bu baxımdan “Səsiniz olaq” layihəsi sadəcə xidmət deyil, həm də cəmiyyətlə insanlar arasında qurulan virtual körpüdür.

Foto: Sadıq Əliverdibəyli

Sosial-psixoloji reabilitasiya xidmətləri üzrə koordinator Pərvin Süleymanova
Xidmətin əməkdaşı Rəhilə Babayeva
Prime Leasing