Qarabağda Respublika Qan Bankının regional bölməsinin yaradılması istiqamətində işlərə start verilib.
Yurd.Media "İctimai TV"-yə istinadən xəbər verir ki, yeni Qan Bankı bölgədə qan ehtiyacının yerli səviyyədə qarşılanmasını təmin edəcək və elə həmin ərazidə məskunlaşan şəxslərin iştirakı ilə fəaliyyət göstərəcək.
Bildirilir ki, bu təşəbbüs tibb infrastrukturunun inkişafı ilə yanaşı, bölgədə sosial-iqtisadi canlanmaya da töhfə verəcək.
Eyni zamanda Şərqi Zəngəzur iqtisadi zonasında da oxşar tibbi mərkəzlərin qurulması nəzərdə tutulur. Hər iki bölgədə qan komponentlərinin yerli təminatı əhalinin həyati təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.
Qeyd edək ki, Azərbaycanda son illərdə donor sayında ciddi artım müşahidə olunur. 2022-ci ildə ölkə üzrə 84.715 nəfər, 2024-cü ildə isə artıq 124.148 nəfər könüllü olaraq qan verib. Bu artım əhalinin sağlamlıq məsələlərinə daha həssas yanaşmasının göstəricisidir və həyat qurtaran xidmətlərin inkişafına mühüm dəstəkdir.
Bir donorun verdiyi qanla üç insanın həyatı xilas edilə bilər.