Cəmiyyətdə hər zaman müzakirə mövzularından biri iki insan arasındakı yaş fərqidir. Əgər kişi qadından yaşca böyükdürsə, bu, çox vaxt “normal” sayılır. Lakin qadının özündən gənc kişi ilə münasibəti hələ də bir çox hallarda birmənalı qarşılanmır.
Psixoloq Gülnar Orucova Yurd.Media-ya açıqlamasında bildirib ki, bu tip münasibətlərin arxasında müxtəlif psixoloji və emosional səbəblər dayanır:
“Bəzi xanımlar gənc insanlarla münasibətdə yenilənmə, canlanma hissi yaşayırlar. Onlar “hələ də sevilirəm”, “hələ də gəncəm” düşüncəsi ilə motivasiya olurlar. Gənc tərəf daha enerjili, pozitiv və əyləncəli olur. Bu da qadına ruh yüksəkliyi və özünəinam verir”.
Psixoloq qeyd edir ki, bəzi qadınlar öz yaşlarına uyğun və ya yaşca böyük insanlarla münasibətlərində mənfi təcrübələr yaşadıqları üçün daha gənc partnyorla emosional rahatlıq tapırlar:
“Yaşlı insanlarda bəzən neqativlik və həyatdan yorğunluq hiss olunur, gənc insanda isə enerji və dinamika üstünlük təşkil edir. Bu da qadına psixoloji baxımdan rahatlıq gətirir”.
Psixoloq Gülnar OrucovaAtalıq kompleksi və “məntiq evlilikləri”
Gülnar Orucovanın sözlərinə görə, qadınların yaşca çox böyük kişilərlə evlənməsi də bəzən psixoloji səbəblərdən qaynaqlanır:
“Bəzi xanımlar uşaqlıqda atadan sevgi və qayğı görmədikləri üçün atalıq hissini həyat yoldaşında axtarırlar. Bu da onları özlərindən xeyli yaşlı insanla ailə qurmağa sövq edir. Lakin belə münasibətlərdə çox vaxt sevgi deyil, ehtiyac duyğusu ön planda olur”.
Psixoloq bildirir ki, bu cür “məntiq evlilikləri” zamanla problemlərə gətirib çıxara bilər:
“Maddi təminat olsa da, mənəvi boşluq yaranır. Bu zaman xəyanət riski artır, çünki emosional və cinsi balans pozulur. Yaş fərqi çox olduqda maraqlar, həyat tərzi və enerjilər uyğun gəlmir”.
Mütəxəssisin fikrincə, artıq cəmiyyətin bu məsələyə baxışı da dəyişməkdədir:
“Bu gün bir çox qadınlar özlərindən gənc kişilərlə münasibət qurmaqdan çəkinmirlər. Bu, artıq qeyri-adi hal kimi qarşılanmamalıdır. Qadın da seçim hüququna malikdir və yaş fərqi sevgi üçün əsas maneə deyil”.
Psixoloq əlavə edir ki, bəzi gənc kişilərin yaşca böyük qadınlara marağı da müxtəlif səbəblərlə bağlıdır:
“Bəzən bu “alfons” davranışıdır, yəni qadından maddi və ya sosial fayda gözləmək məqsədi daşıyır. Amma bəzi hallarda bu, sadəcə rahatlıq və psixoloji balans axtarışıdır. Yaşca böyük qadın daha anlayışlı, sakit və emosional baxımdan sabit olur. Bu da gənc kişiyə münasibətdə təhlükəsizlik hissi yaradır”.
“Elektro kompleks” və şüuraltı meyllər
Psixoloq Orucova qeyd edir ki, psixologiyada “elektro kompleks” adlanan hal da bu tip münasibətlərdə mühüm rol oynayır:
“Uşaqlıqda ana sevgisini tam görməyən və ya əksinə, həddən artıq bağlı olan oğlanlar gələcəkdə analarına bənzər, yəni yaşca böyük qadınlara meyl göstərə bilirlər. Bu, şüuraltı bir yönəlimdir”.
Mütəxəssis bildirir ki, tərəflər arasında 5–10 yaş fərqi münasibətin balansını pozmur. Lakin bu fərq 10 ildən çox olduqda müəyyən çətinliklər qaçılmaz olur:
“Qadın yaşca böyük olanda münasibət daha sabit olur. Amma kişi çox böyük olanda, zamanla fiziki və emosional uyğunsuzluq yaranır. Bu, münasibətin davamlılığını çətinləşdirə bilər”.

Dünyada tanınmış nümunələr
Bu gün dünyada da bir çox tanınmış ailə cütlükləri var ki, orada qadın yaşca böyükdür. Bu fakt onların münasibətinin möhkəmliyinə və sevgisinə mane olmayıb.
Məsələn:
Alla Puqaçova və Maksim Qalkin — aralarındakı 27 illik yaş fərqinə baxmayaraq, uzun illərdir xoşbəxt ailə həyatları ilə nümunə göstərilirlər.
Shakira və Gerard Pike — aralarında 10 yaş fərqi olsa da, illərlə birlikdə oldular və iki övlad sahibi oldular.
Priyanka Çopra və Nik Conas — 10 yaş fərqinə baxmayaraq, Hollivudun ən diqqətçəkən və harmonik cütlüklərindən biridir.
Emmanuel və Bridjit Makron — Fransanın prezident cütlüyü arasındakı 24 yaş fərqi cəmiyyətin diqqətini çəksə də, münasibətləri illərdir davam edir.
Hyu Cekman və Deborra-Li Furness — aktyor cütlüyü arasında 13 yaş fərqi olsa da, uzun illərdir birlikdədirlər.
Bu kimi nümunələr bir daha sübut edir ki, sevgi yaş tanımır. Əgər münasibətdə hörmət, anlayış və səmimiyyət varsa, yaş fərqi yalnız bir rəqəmdir.