Mingəçevir şəhərində fəaliyyət göstərən “Modern Dental” klinikası barəsində protokol yazılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.
Klinikada aparılan yoxlama zamanı lisenziyadan kənar cərrahi stomatoloji iş və fəaliyyətlə məşğul olma aşkarlanıb.
Protokola Mingəçevir Şəhər Məhkəməsində baxılıb və klinika 6 min manat miqdarında inzibati qaydada cərimə olunub.
Qeyd edək ki, bu ilin 10 ayında ölkədə yoxlama keçirilən stomatoloji klinikalarin 90 faizindən çoxunda nöqsanlar üzə çıxıb. AEM bu ilin yanvar-oktyabr ayları ərzində 78 stomatoloji klinikada yoxlama keçirib, onlardan 72-də müxtəlif nöqsanlar aşkar edilib. Nöqsanlardan 33-ü lisenziya şərtləri sualı üzrə, 15-i lisenziya olmadan iş və fəaliyyət, 8-i lisenziyadan kənar iş və fəaliyyət, 9-u sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, 2-si lisenziya və sertifikasiya şəhadətnaməsi olmadan, lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, 5-i isə sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktı üzrə aşkarlanıb.