Başqa xalqlardan fərqli olaraq, azərbaycanlılar 40 dərəcə hərarətdə belə qaynar çay içməyi üstün tutur.
Belə hesab olunur ki, şiddətli istidə isti çay qəbulu susuzluq hissini aradan qaldırır.
Yurd.Media xəbər verir ki, Diyetoloq Leyla Sariyeva bildirib ki, isti maye qəbulu zamanı orqanizmdə intensiv tərləmə prosesi başlayır. Tərləmə nəticəsində bədən temperaturu aşağı düşür və bu da insana sərinlik və rahatlıq hissi bəxş edir:
"Məhz bu səbəbdən yay fəslində çay içdikdə susuzluq hissimiz daha qısa müddətdə aradan qalxır. Lakin bunu hər bir insana şamil etmək düzgün deyil. Elə şəxslər var ki, çay qəbulundan sonra susuzluğu daha tez keçir, eləsi də mövcuddur ki, mütləq soyuq su içməyə ehtiyac duyur. Burada əsas olan insanın orqanizminin tələbləridir, hər kəs öz bədəninin siqnallarına uyğun seçim edir. Yay və ya qış fəsli fərq etməz, çay qəbulu ilə əlaqədar müəyyən məqamları nəzərə almaq faydalıdır. Çayın müsbət xüsusiyyətləri ilə yanaşı, mənfi cəhətləri də mövcuddur. Bu zərərləri minimuma endirmək üçün bəzi nüanslara diqqət yetirmək lazımdır".