Yuxu orqanizmin sağlam fəaliyyəti üçün zəruri olan əsas fizioloji proseslərdən biridir. Sağlam insanlarda yuxuya ayrılan ideal vaxt fərqli olur və yaş artdıqca bu müddət dəyişikliyə uğrayır.
Yurd.Media xəbər verir ki, yaş kateqoriyalarına müvafiq yuxu rejimlərini diqqətinizə çatdırırıq.
Yeni doğulmuş körpələr gün ərzində 21 saat; 6 aylıqdan 1 yaşa qədər uşaqlar 16 saat; 2-4 yaş arasında olan uşaqlar 14 saat; 12-15 yaş arası yeniyetmələr 9 saat; böyüklər və yaşlı insanlar isə 7-8 saat yuxuya vaxt ayırmalıdır.
Bununla belə, tarixə nəzər salsaq, məşhur tarixi şəxsiyyətlərin olduqca az yatdığı məlum olur. Məsələn, Napoleon, Şiller və Hötenin yuxu müddəti cəmi 5 saat, Edisonun isə 2-3 saat olmuşdur.
Yuxu müddətində müəyyən gigiyena tələblərinə riayət etmək vacibdir. Axşam yeməyini yatmağa ən azı 2 saat qalmış qəbul etmək lazımdır ki, dolu mədə diafraqmanı yuxarı itələyərək yatarkən rahat nəfəs almağa əngəl törətməsin.
Bəs yuxuya daha hansı amillər maneçilik törədir?
Güclü işıq, səs-küy, kəskin qoxular, həddən artıq isti və ya soyuq hava şəraiti yuxunu pozan əsas səbəblər arasındadır. Təmiz havanın keyfiyyətli yuxu üçün əvəzsiz rola malik olduğunu nəzərə alaraq pəncərəni və ya nəfəsliyi açıq saxlayaraq yatmaq tövsiyə edilir.
Bundan başqa, beynə qanın normal dövr etməsi üçün baş altındakı yastıq nə həddindən artıq hündür, nə də çox alçaq olmalıdır. Sağ böyrün üzərinə yatmaq məsləhət görülür. Bunun səbəbi ürəyin sol tərəfdə yerləşməsidir.
Qaranlıq otaq, sakitlik, düzgün səliqələnmiş çarpayı, yüngül və isti yorğan, rahat gecə geyimi sağlam yuxu üçün böyük əhəmiyyət daşıyır. Spirtli içkilərin qəbulu, səs-küylü mühit yuxu ilə oyaqlığın düzgün növbələşməsini pozur və sinir sistemini zəiflədir.
Yuxusuzluq problemini həll etmək üçün hər gün yatmazdan əvvəl açıq havada gəzinti edin, ilıq vanna qəbul edin, otağın pəncərələrini və ya nəfəsliyi açıq saxlayın.