SÜJET

Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Qeyri-sabit hava Süni intellekt
Həkimlər sertifikasiyadan narazıdır: ekspertlər alternativ sistem təklif edir

Həkimlər sertifikasiyadan narazıdır: ekspertlər alternativ sistem təklif edir

Azərbaycanda həkimlərin peşəkar fəaliyyətini davam etdirmək üçün keçməli olduqları sertifikasiya imtahanları və təkmilləşdirmə kursları ətrafında mübahisələr səngimək bilmir.

2011-ci ildən etibarən Nazirlər Kabinetinin qərarına əsasən, Səhiyyə Nazirliyi tərəfindən bütün həkimlər və tibb bacıları sertifikasiya imtahanına da cəlb olunur. İmtahanlardan keçən həkimlərə 5 il müddətinə praktiki tibbi fəaliyyətlə məşğul olmaq imkanı verilir. Bu il qəbul olunan son dəyişikliyə görə, tibb işçilərinə şərait yaradılır ki, onlar öz sertifikat şəhadətnamələrini ya 5 ildən bir imtahan yolu ilə, ya da 5 il ərzində 250 kredit balı yığmaqla əldə etsinlər. Bu balı toplamaqla imtahandan azad olunurlar. Kredit balı hər il 50 bal olmaqla ümumilikdə 250 bal təşkil edir.

Lakin son zamanlar kurslarını uğurla başa vuran həkimlərin məlumatlarının Səhiyyə Nazirliyinin Vahid Səhiyyə İnformasiya Sistemində (VSİS) vaxtında əks olunmaması ilə bağlı narazılıqlar artır.

Azerbaycan Dövlət Həkimlər Təkmilləşdirmə İnstitutundan Yurd.Media-ya verilən məlumata görə, kursu bitirən müdavimlərin məlumatları kursun son günü və ya ən gec halda növbəti həftənin ilk iş günü sistemə daxil edilir. Rəsmi məlumata görə, həkimlər kursu bitirdiklərinə dair şəhadətnaməni institutun rəsmi internet səhifəsindən çap edə bilirlər. Gecikmələr müşahidə olunduğu təqdirdə, Rəqəmsal Səhiyyə Mərkəzinin "817" qaynar xəttinə müraciət olunması tövsiyə olunur.

Lakin həkimlərin bir qismi bu izahı qənaətbəxş hesab etmir. Onlar sistemə məlumatların gec yerləşdirilməsi səbəbindən əmək müqavilələrinin uzadılması, yeni işə qəbul və digər inzibati məsələlərdə problemlərlə üzləşdiklərini bildirirlər. Bəzi hallarda bu, həkimlərin işsiz qalması və ya sertifikat əsasında tələb olunan hüquqi sənədlərin təqdim olunmaması ilə nəticələnir.

Ekspertlər bildirirlər ki, yeni sistemə keçid yalnız həkimlərin deyil, bütövlükdə səhiyyə sisteminin inkişafına təkan verə bilər. Bunun üçün isə həm texnoloji infrastrukturun yenilənməsi, həm də hüquqi və metodoloji yanaşmaların dəyişməsi vacibdir.

Mövzuya münasibət bildirən tibb eksperti, professor Adil Qeybulla isə məsələnin daha fundamental həllini təklif edir. Onun fikrincə, tətbiq edilən sertifikasiya imtahanları həkimlərin real praktik bacarıqlarını qiymətləndirmir və bu yanaşma artıq köhnəlmiş bir modeldir:

“İmtahan sistemi nəzəriyyəyə əsaslanır. Həkimlərin gündəlik praktik fəaliyyətinə uyğun qiymətləndirmə aparılmır. Sertifikasiya sistemi əvəzinə akreditasiya modeli tətbiq olunmalıdır. Bu model dünyada artıq geniş yayılıb və həkimlərin fəaliyyəti, təcrübəsi, davamlı peşəkar inkişafı əsas götürülür”, – deyə professor bildirib.

professor Adil Qeybullaprofessor Adil Qeybulla

A. Qeybullanın sözlərinə görə, akreditasiya sistemi həkimlərin sadəcə test imtahanlarına hazırlaşmasına deyil, real təcrübə üzərində işləməsinə və davamlı inkişafına yönəlmiş mexanizmdir. O qeyd edir ki, qardaş Türkiyə bu modeli tətbiq edir və Azərbaycan da beynəlxalq təcrübəyə əsaslanaraq bu istiqamətdə islahatlara başlaya bilər.