Orqanizmin sağlam işləməsi üçün gün boyu yetərli miqdarda və doğru zamanlarda su qəbul etmək mühüm rol oynayır.
Su istehlakı bədən temperaturunun nizamlanmasına, həzm prosesinin düzgün getməsinə və zərərli maddələrin bədəndən kənarlaşdırılmasına yardımçı olur.
Yurd.Media-nın məlumatına görə, mütəxəssislər aşağıdakı vaxtlarda su içməyi xüsusilə məsləhət görürlər:
Səhər yuxudan qalxdıqdan sonra
- gecə ərzində itirilmiş mayenin kompensasiyasına və metabolizmin sürətlənməsinə yardım edir.
Yeməkdən öncə
- doyma hissini artıraraq porsiya nəzarətinə dəstək verir.
Fiziki məşqlərdən əvvəl və sonra
- maye tarazlığını saxlayır, yorğunluğun və əzələ kramlarının qarşısını almağa kömək edir.
Günorta saatlarında
- enerjinin düşməsinin və diqqətin zəifləməsinin qarşısını ala bilər.
Baş ağrısı olan zaman
- susuzluğun səbəb olduğu narahatlığı yüngülləşdirməyə kömək edə bilər.
Dərman qəbulu zamanı
- dərman maddəsinin orqanizmdə daha asan mənimsənilməsini təmin edir.
Yatmağa az qalmış kiçik miqdarda
- gecə maye itkisini azalda bilər, ancaq həddən artıq su içmək yuxu keyfiyyətini poza bilər.
Mütəxəssislər eyni zamanda qeyd edirlər ki, uşaqların gündəlik orta hesabla 1-1,5 litr, böyüklərin isə 2-2,5 litr su qəbul etməsi məsləhət görülür. İsti hava şəraitində və fiziki fəallıq dövründə bu həcm artırıla bilər.
Dietoloqlar susuzluq hissinin yaranmasını gözləmədən, mütəmadi olaraq su içməyi tövsiyə edirlər. Bu vərdişin baş ağrısı, gücsüzlük və diqqət pozulması kimi problemlərin qarşısını almağa yardımçı olduğu bildirilir.